BAKI, 30 yanvar — Sputnik. Finlandiya NATO-ya üzv olmaq prosesində müsbət mövqe nümayiş etdirir, İsveç kimi təxribatlar olmayıb. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün NATO-nun baş katibinə müraciət edib. Bu günə qədər İsveç və Finlandiyanın NATO-ya müraciətləri 30 ölkədən yalnız ikisi tərəfindən ratifikasiya olunmayıb - bunlar Macarıstan və Türkiyədir. Türkiyə Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı İsveçi "şok edəcək" qərar qəbul edə bilər. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl deyib.
"Biz əvvəldən deyirdik ki, Finlandiya ilə problemimiz azdır. Lakin hər iki ölkə, o cümlədən NATO, alyansın bir sıra üzvləri bu ölkələrin (Finlandiya və İsveç) paralel üzvlük prosesini elan ediblər. Bu baxımdan, üçtərəfli memorandum imzalanıb. Həmin gündən etibarən Finlandiya tərəfindən müsbət bəyanatlar verilir, silah tədarükünə qoyulan məhdudiyyətlərlə bağlı müsbət addımlar atılır. İsveçdə olduğu kimi heç bir təxribat olmayıb", - Çavuşoğlu mətbuat konfransında deyib.
İsveçin xarici işlər naziri Tobias Billström bir müddət əvvəl Quranın yandırılması ilə bağlı aksiyalar fonunda krallığın NATO-ya daxil olması prosesinin dayandırıldığını bildirsə də, Ankara ilə xarici işlər nazirliklərinin sammitində razılıq əldə olunacağına ümid etdiyini bildirib. Ankaradakı mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesinin üçtərəfli mexanizmi Türkiyə tərəfinin tələbi ilə qeyri-müəyyən müddətə dayandırılıb.
Bundan əvvəl Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin Şimali Atlantika Alyansına müraciətinin İsveçdən ayrı olaraq ratifikasiyası prosedurunun davam etdirilməsinə icazə verib, lakin o, sonra öz sözlərini geri götürüb. Öz növbəsində Çavuşoğlu bildirib ki, Türkiyə Finlandiyadan NATO-ya üzv olmaq üçün ayrıca müraciətlə bağlı təkliflər almayıb.