QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

BQXK erməniləri ailələrinə qovuşdurdu

Qurum bu müddət ərzində humanitar neytral vasitəçi olaraq, həmçinin Laçın koridoru boyu 17 tibbi təxliyə həyata keçirib.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Yanvarın 30-da Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi rolunda çıxış edərək, 19 nəfərin Ermənistana, 17 nəfərin isə Ermənistandan Laçın koridoru ilə keçərək ailələrinə qovuşmasına yardımçı olub.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, ümumilikdə, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK 36 nəfərin Ermənistana, 59 nəfərin isə Ermənistandan Laçın yolu ilə keçərək ailələri ilə qovuşmasına yardımçı olub.
"Biz gələcəkdə də tərəflərin və ailələrin razılığı və onlarla müzakirələrin nəticəsində ailə qovuşmalarına neytral vasitəçi olaraq dəstək verməyə hazırıq. BQXK bu müddət ərzində humanitar neytral vasitəçi olaraq, həmçinin Laçın koridoru boyu 17 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 57 nəfər xəstə və onları müşayiət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müəssisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb.
Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq", - deyə BQXK rəsmisi bildirib.
Şuşa-Xankəndi yolunda keçirilən aksiya
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.