BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda taxtaların qiyməti ucuzlaşmaqda davam edir. Belə ki, ötən ilin iyun ayından başlayaraq ölkədə taxtanın qiyməti aşağı düşməkdədir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən ay kəsilmiş taxtanın 1 kubmetrinin qiyməti aylıq müqayisədə 2,15 faiz və ya 9,52 manat ucuzlaşaraq 431,97 manat olub. Noyabrda isə taxtanın 1 kubmetri 441,49 manat təşkil edib.
Bəs, son vaxtlar taxtanın Azərbaycanda ucuzlaşmasının səbəbləri nədir? Növbəti aylarda taxtanın qiyməti necə olacaq?
Rusiyadan Azərbaycana gətirilən taxtanın həcmi artıb
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan taxtanı əsasən Rusiyadan idxal edir:
"Son vaxtlar Rusiyadan Azərbaycana gətirilən taxta və taxta məhsullarının həcmi artıb. Bu da taxtanın ucuzlaşmasına gətirib çıxardıb. Rusiyadan gətirilən diktlərin qiyməti 45-48 manatdan 22-28 manatadək düşüb. Hazırda taxtanın 1 kubmetrinin qiyməti isə 330-350 manat arasındadır.
Ukraynada hadisələr başlayanda isə ölkəmizdə taxtanın 1 kubmetri 280 manatdan 480 manatadək qalxmışdı. Digər tərəfdən, qış mövsümündə taxtaya tələb çox olmur. Bu da qiymətlərin ucuzlaşmasına təsir göstərir. Lakin mart ayından etibarən tələbin artması qiymətlərdə cüzi dəyişikliyə səbəb ola bilər. Ümumiyyətlə, qıtlıq yarananda qiymətlər qalxmağa başlayır".
"Taxtanın ucuzlaşması evlərin qiymətinə təsir göstərmir"
Ekspert diqqətə çatdırıb ki, taxtanın ucuzlaşması hələlik evlərin qiymətinə təsir göstərmir: "Tikinti materiallarının qiymətlərinin dəyişməsi dərhal daşınmaz əmlak bazarına təsir etmir, ən azı 6-7 aydan sonra bu, bazara təsir göstərir".
Taxtanın qiymətləri
Qeyd edək ki, keçən ilin iyun ayında taxtanın 1 kubmetrinin qiyməti 479,76 manat, iyulda 473,13 manat, avqustda 467,41 manat, sentyabrda 453,18 manat, oktyabrda 446,57 manat olub.
Azərbaycanda tikinti materiallarının istehsalı artıb
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6 faiz çoxdur. Ötən il 2021-ci illə müqayisədə tikinti əhənginin istehsalı 29,4 faiz, tikinti gipsinin istehsalı 15,4 faiz, asfaltın istehsalı 4,6 faiz, sementin istehsalı isə 3,5 faiz artıb.
Hesabat ilində respublikada 3 milyon 558,1 min ton sement, 42,6 min ton tikinti gipsi, 46,2 min ton tikinti əhəngi, 217,5 min ton asfalt və s. istehsal edilib.