BAKI, 29 yanvar - Sputnik. "Yanvarın 27-də təqribən saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum terror aktı törədilib".
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavininin sözlərinə görə, bu hadisə gözlənilməz idi.
“Ona görə ki, belə hadisələrin baş verməsi mümkün deyil, ümumiyyətlə qəbuledilməzdir. Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır”, - Xələf Xələfov qeyd edib.
"Terror aktının guya məişət zəminində baş verməyini insanlara sırımağa çalışdılar”
XİN başçısının müavini İran rəsmilərinin sözügedən terror aktını məişət zəminində baş vermiş hadisə kimi sırınmasını da qınayıb.
“Terror aktının baş verməsindən dərhal sonra İranın bəzi strukturları terror aktının guya məişət zəminində baş verməyini insanlara sırımağa çalışdılar. Bu absurddur və ictimai fikri məsələnin əsas mahiyyətindən uzaqlaşdırır”, - o, deyib.
Xələf Xələfov qeyd edib ki, bununla belə, istintaqın ədalətli aparılmasına çalışacaqlar:
“Amma biləsiniz ki, bizim müvafiq orqanlarımızda cinayətin baş verməsi ilə bağlı kifayət qədər tutarlı sübutlar, materiallar var. Ona görə biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalıdır və öz layiqli cəzasını almalıdır".
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.