BAKI, 28 yanvar - Sputnik. İranda həlak olmuş şəhidimizin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülür.
Lakin Orxan Əsgərovun meyitini Azərbaycana gətirəcək təyyarə Tehran aeroportunda gözləyir, İran süni əngəllər törədir.
Bu barədə məlumatı APA yayıb.
"İran növbəti dəfə İslami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidir", - deyə agentliyin məlumatında bildirilir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.