PAYTAXT XƏBƏRLƏRİ

Metronun yeni stansiyasının üçüncü səviyyəsinin inşası başa çatdırılıb

Müəyyən işlərdən sonra yeddivaqonlu qatarları qəbul edəcək 144 m uzunluqda platformanın tikintisinə başlanılacaq.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. Bakının Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, tikinti işləri “Qruntda divar” üsulu ilə aparılır. Buna qədər xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları da eyni üsulla inşa olunub. “Qruntda divar” ekoloji cəhətdən daha səmərəli, yaşayış sahəsinin xüsusiyyətlərinə uyğunluğu ilə fərqlənir, inşaat işlərinin məhdud məkanda effektiv aparılmasına imkan verir: "Burada istifadə olunan konstruksiyalar daha etibarlı, sukeçirməzdir, həmçinin material və işçi qüvvəsinin sərfiyyatı baxımından qənaətcildir. Bu üsulun tətbiqi ilə aparılan tikinti zamanı torpaqda dinamik titrəyişlər törənmir, səs-küy yaranmır. Yeraltı suların kənarlaşdırılması və səviyyəsinin aşağı salınması üçün xüsusi texniki qurğulara ehtiyac qalmır".
“B-04” stansiyasının üçüncü səviyyəsinin inşası başa çatdırılıb
Məlumat üçün bildirək ki, “B-04” stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Onun dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə inşa edilir. Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd girişdən qəbul olunacaq. Zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində üç eskalator üçün yer ayrılıb. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator quraşdırılacaq.
“B-04” stansiyasının üçüncü səviyyəsinin inşası başa çatdırılıb
Qeyd edək ki, inşaaat zamanı əvvəlcə səviyyədən səviyyəyə enmək üçün qazıntı işləri aparılaraq torpaq qatı çıxarılıb. Sonra səviyyənin döşəməsi hamarlanıb. Dəmir-beton konstruksiya qurularaq betonlanma işi aparılıb. Bu qayda ilə üç zonaya bölünmüş ikinci səviyyə tam betonlanıb. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si burada, biri isə kassa zalında quraşdırılacaq.
“B-04” stansiyasının üçüncü səviyyəsinin inşası başa çatdırılıb
Hazırda inşaat işləri platforma səviyyəsində gedir. Torpaqqazma və tikinti quraşdırma işləri başlanıb, 55-60 m sahədə sağ və sol tunellərin dəmir-beton tübinqləri dağıdılıb. Bu mərhələdə qrunt sularının inşaat işlərinə təsirini minimallaşdırmaq, həmçinin stansiya istifadəyə veriləndən sonra məhz bu məqsədlə istifadə olunması məqsədilə müvafiq qurğulardan birinin inşasına da başlanılıb.
Bununla yanaşı, “8 Noyabr” və “B-04” stansiyaları arasında tunellərin sərt özül betonu qoyulub. Hazırda sağ mənzil tunelində yolun üst quruluşu betonu qoyulur, dəmir-beton şpallar düzülür, hərəkət relsləri quraşdırılır.
Yeddivaqonlu qatarları qəbul edəcək 144 m uzunluqda platformanın tikintisi bu işlərdən sonra başlanacaq.