RUSİYA

Lavrovun müavini: Rusiya və Türkiyə təhlükəsizliklə bağlı danışıqlar aparır

Rusiya XİN başçısının müavini deyib ki, türk tərəfdaşların bu layihənin həyata keçirilməsində böyük marağını, ruh yüksəkliyini, konstruktiv yanaşmasını və birgə fəaliyyətə köklənməsini böyük məmnunluq hissi ilə qarşılayırlar.
Sputnik
BAKI, 28 yanvar - Sputnik. Rusiya və Türkiyə ekspertlər səviyyəsində qaz qovşağının təhlükəsizliyinin təmin olunmasına aid məsələləri müzakirə edirlər.
Bunu Rusiya XİN başçısının müavini Oleq Sıromolotov deyib.
Sıromolotov enerji sahəsini Rusiya-Türkiyə əməkdaşlığının ən uğurlu sahələrindən biri kimi qiymətləndirib. Nazir müavini “Şimal axını” kəmərlərində baş verən partlayışlarla bağlı verilən sualı cavablandırarkən deyib:
“Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə qaz qovşağı yaratmaq təşəbbüsü birgə səylərin nəticəsi oldu. Hazırda bu ideyanın həyata keçirilməsinin müxtəlif aspektləri, o cümlədən bəzi həssas məsələlər ekspertlər səviyyəsində müzakirə olunur. Türk tərəfdaşlarımızın bu layihənin həyata keçirilməsində böyük marağını, ruh yüksəkliyini, konstruktiv yanaşmasını və birgə fəaliyyətə köklənməsini böyük məmnunluq hissi ilə qarşılayırıq”.
Diplomat həmçinin əmin olduğunu bildirib ki, Moskva və Ankara birgə səylərin nəticəsində bütün yaranmış problemləri, o cümlədən mövcud və gələcək enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məsələləri uğurla həll edə biləcəklər.