BAKI, 28 yanvar — Sputnik. BMT Baş katibi Antoniu Quterreş Yerusəlimdə baş vermiş terror aktını pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.
Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib:
"Baş katib Yerusəlimdə yerləşən sinaqoq yaxınlığında fələstinlinin törətdiyi, azı 7 israillinin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir".
Qeyd edək ki, dünən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva da "Twitter"də bu barədə yazıb. O, həmçinin Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyib.
Yanvarın 27-də İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub.
Hadisə zamanı 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Polis hadisəni terror hücumu adlandırıb. Qeyd olunub ki, terrorçu zərərsizləşdirilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə də terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Ekspertlər eyni gündə, özü də Holokostun (Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır - red.) qeyd olunduğu gün Azərbaycanın İrandakı səfirliyinə və Yerusəlimdə sinaqoqa hücumu təsadüf hesab etmirlər. Bu, daha çox Azərbaycanın Təl-Əvivdə səfirlik açması və İsraillə münasibətlərin yüksək səviyyə qalxması ilə izah edilir.