BAKI, 27 yanvar — Sputnik. Qırğızıstan Özbəkistana müttəfiqlik münasibətləri haqqında saziş imzalamağı təklif edib. Bunu Qırğızıstan Prezidenti Sadır Japarov cümə günü bildirib.
"Cari il Qırğızıstan və Özbəkistan arasında ikitərəfli münasibətlərdə yubiley ili kimi qeyd olunur. Sözün əsl mənasında gələn ay, fevralın 16-da biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Yubiley ilində mən müttəfiqlik münasibətləri haqqında saziş imzalamaqla dövlətlərarası münasibətlərin statusunun yüksəldilməsi və dövlət başçıları səviyyəsində ən yüksək dövlətlərarası şuranın yaradılmasını vacib hesab edirəm", - deyə Japarov Bişkekdə səfərdə olan Özbəkistan lideri Şavkat Mirziyoyev ilə görüşündən sonra bildirib.
Japarov iki ölkənin xarici işlər nazirliklərinə müvafiq sənədlərin hazırlanması ilə bağlı göstəriş verilməsini təklif edib.
"Biz ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsi və ikitərəfli ticarətin artırılması istiqamətində birgə işi davam etdirməyi hədəfləyirik. Son illər qarşılıqlı ticarətdə müsbət tendensiya müşahidə olunur. Eyni zamanda, etiraf etməliyik ki, bu sahədə hələ də reallaşdırılmamış əhəmiyyətli potensialımız var", - Qırğızıstan rəhbəri bildirib.
O vurğulayıb ki, əvvəllər əldə edilmiş razılaşmalar çərçivəsində birgə iri investisiya layihələrinin başlanmasını nəzərdə tutan ikitərəfli sənədlər imzalanacaq.
"Ölkələrimizin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi səlahiyyətli orqanlar mədənçıxarma sənayesi, sənaye, kənd təsərrüfatının, energetika, tikinti, infrastruktur sahələrində ümumi dəyəri 1,5 milyard ABŞ dollarından çox olan birgə layihələrin hazırlanması istiqamətində xeyli iş görüblər. Ölkələrimizin birgə həyata keçirəcəyi layihələr heyranedicidir. Əminəm ki, nəzərdə tutulan layihələr yaxın gələcəkdə və tam həcmdə həyata keçiriləcək", - deyə o bildirib.