BAKI, 27 yanvar — Sputnik. Dünya bazarlarında neftin qiymətləri bahalaşıb. "Brent" neftinin qiyməti 0,14 dollar artaraq 87,61 dollar, Qərbi Texas nefti 0,16 dollar bahalaşaraq 81,17 dollar olub.
Azərbaycan neftinin qiyməti 0,49 dollar artaraq 89,94 dollar olub.
Qeyd edək ki, 2022-ci ilin son rübündə ABŞ iqtisadiyyatında göstəricilərin proqnozları üstələməsi, Çində tələbatın sürətlə bərpa olunacağına dair gözləntilər neft qiymətlərini artırıb.
Analitiklər investorların gələn həftə OPEC və ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclasları öncəsi ehtiyatlı davranacağını gözləyirlər.
OPEC iclasında veriləcək mesajlar, FED-in faiz artımı ilə bağlı mümkün qərarı neft bazarlarına istiqamət verəcək.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.