AZƏRBAYCAN XƏBƏRLƏRİ

Mehriban Əliyeva ölkəmizin İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib

Birinci vitse-prezident Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram"* səhifəsində ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı paylaşım edib.
Spuntik Azərbaycan paylaşımı təqdim edir: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".
"Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!”
Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.