BAKI, 27 yanvar — Sputnik. Hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini Azat kəndində baş vermiş yanğının istintaqı çərçivəsində iki ay müddətinə həbs edilib. Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Ermənistan silahlı qüvvələrinin 2-ci Ordu Korpusunun arxa və kommunal xidmət üzrə briqada komandirinin müavini Qor Agekyan iki ay müddətinə həbs edilib.", - məlumatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, polkovnik-leytenant Qor Agekyan xidməti vəzifələrinin icrasına səhlənkar münasibət nəticəsində 15 hərbçi ölümü ilə nəticələnən yanğında ittiham edilərək saxlanılıb.
Yanğınla bağlı 2 cinayət işi başlanıb: Cinayət Məcəlləsinin 532-ci maddəsinin 4-cü hissəsi (silah, döyüş sursatı, hərbi texnika və ya digər hərbi əmlakla davranış qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və CM-nin 550-ci maddəsinin 3-cü hissəsi ilə (ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) ittiham olunur.