TƏHSİL

Ucqar rayonun gənc və fədakar müəllimi -FOTO+VİDEO

Daxildən gələn sevgisini şagirdlərinə ötürən pedaqoq qısa müddətdə bütün məktəbin sevimlisinə çevrilib.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. Düşüncələrin formalaşmasında, müəyən biliklərin yaranmasına kitabların rolu danılmazdır. Daha çox mütaliə edən şagirdlər yaşıdları ilə müqayisədə hər zaman seçilirlər. Elə Yardımlı rayonunun Vərgədüz kənd orta məktəbinin müəllimi Türkel Tağızadə də şagirdlərinə davamlı mütaliəni təbliğ edir.
1994-cü il təvəllüdlü Türkel Tağızadə 6 ildir ki, pedqoji fəaliyyətlə məşğuldur. O müəllimlərin işə qəbulu imtahanından 52 bal toplayıb, öncə Yardımlı rayonunun Əfcədulan kənd orta məktəbində müəllim kimi çalışıb, sonradan, 2020-ci ildən isə özünün böyüyüb boya-başa çatdığı Vərgədüz kəndində orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.
Onda bu peşəyə maraq əvvəldən yaranıb. Ali məktəbə ixtisas seçimi zamanı da Türkel Tağızadə "Azərbaycan dili və ədəbiyyatı"nı ilk pillədə yazıb. Azərbaycan Müəllimlər İnstitutunu bitirən həmsöhbətimiz ixtisas seçimi edərkən illərdir ki, xəyalını qurduğu arzusuna çatıb: "Çox zaman mənə deyirdilər ki, bu qədər bal toplamısan, niyə kənd yerində qalmısan, nə üçün Dövlət Qulluğuna görə müraciət etmirsən. Amma hər şeyimi bu dağda, bu məktəbdə şagirdlərimə verməyə hazıram. Əlimə düşən şansları da bu dağda uşaqlarla işləmək sevgimə qurban vermişəm".
Daxildən gələn sevgisini şagirdlərinə ötürən müəllim qısa müddətdə məktəbin sevimlisinə çevrilib.
Yardımlı rayon Əfcədulan kənd orta məktəbinin şagirdləri
Onun şagirdlərin böyük sevgisini qazanmasına səbəblərdən biri isə onlara böyük motivasiyalar verməsi, çoxlu kitablar hədiyyə etməsidir. O artıq 2020-ci ildən etibarən öz şəxsi kitabxanasından, müxtəlif sərgilərdən aldığı kitabları hədiyyə edəək onları sevindirir, kitablar haqda diskussiya keçirir: "Düzü, əvvəl çalışdığım məktəbdə kitabla bağlı layihələri icra edə bilmirdim. Çünki Əfcədulan kəndinə gedib-gəlmək vaxt aparırdı, bundan başqa, həmin məktəbdə elə siniflər olurdu ki, orada 1-2 şagird təhsil alırdı. Vərgədüz kənd orta məktəbində isə şagird sayı təxminən 250-dir. Onların təxminən 70-i aktiv oxuculardır".
Türkel müəllim üçün kitab hər şeydir, yeni bir dünyadır. O, düşünür ki, insan ancaq kitab oxuduqca zənginləşir. Bu günədək 400-500 kitab oxuyan Türkel Tağızadənin atasının da şəxsi kitabxanası olub, lakin təxminən 5-10 il öncə baş verən yanğın nəticəsində kitabxana külə dönüb: "Yanğından sonra atam maddi dəstək ummurdu, əksinə camaatdan kitab yığırdı ki, kitabxanasını bərpa edə bilsin".
O, deyir ki, adıçəkilən məktəbə gəlməzdən öncə şagirdlərin bilik və bacarıqlarına bələd imiş: "Çünki kəndimizdə intelektual səviyyə yaxşı olub, bilirdim ki, bu uşaqlara bir qədər istiqamət verən olsa, çox şeyə nail olmaq olar. Mənə görə müəllimlik sadəcə olaraq sinfə girməkdən, dərs deməkdən ibarət deyil. Müəllimlik həm də vicdan işidir. Şagirdlərə ilk jestimin də nəticəsi qısa müddətdə özünü göstərdi".
"İlk günlərdən elə "Hərə bir kitab"adlı layihəyə başladıq. Hazırda 100-150 kitab oxumuş şagirdlərin illər öncə mütaliə bazası 0 olub. Bu uşaqlarla birgə mütaliə etmək üçün məktəbdə, yaxud da onların evlərinə gedərək bir zaman keçirirdik, videolar çəkirdik. Fürsət olduqca oxuduğumuz, tövsiyə edə biləcəyimiz kitabları toplayaraq başqa kəndlərə də üz tuturuq. Elə olur ki, kitablar hədiyyə edirik, elə də olur ki, kitablar əlbəəl, evəbəev gəzir", - deyə o əlavə edib.
Müəllim deyir ki, şagirdləri bu cür yeniliklərə "ac" olublar, onlar da qısa müddətdə müəllimin etimadını doğrultmağa, daha çox mütaliə etməyə, daha çox intellektual bilikləri ilə ümidləri doğrultmağa çalışıblar. Şagirdlər qısa müddətdə məktəblərinin adını zirvələrə qaldımağı da bacarıblar. Məktəbin uğurlarına gəldikdə isə həmsöhbətimiz bildirir ki, 2022-ci ildə 15 məzun ali məktəbə qəbul olub: "Çox intellektual qızlarımız var. Onlar olimpiadalarda da böyük uğurlar qazanıblar. Lakin təəssüflə qeyd edim ki, yuxarı siniflərdə qızların sayında azalma var. Hazırda 11-ci sinif üzrə ümumi 16 şagirdimiz var, onlardan 3-ü qızdır. Aşağı siniflərdə vəziyyət daha yaxşıdır, ümumi olaraq oxucuların da elə böyük hissəsini qızlar təşkil edir".
Yardımlı rayon Əfcədulan kənd orta məktəbinin şagirdləri
"Şagirdlərin dərsdən yayınmasının əsas səbəbləri coğrafi şərait, kəndlərarası marşrutların olmamasıdır", - deyə o əlavə edib.
Kitab sevdası onu borc almağa da vadar edib
Müəllim deyir ki, elə gün olub ki, Bakıdakı sərgiyə getməyə, ordan kitab almağa pulu olmasa da, kimdənsə borc alıb. Günü-gündən şəxsi kitabxanasını zənginləşdirən müəllim bu günədək şagirdlərinə 300-dək kitab hədiyyə edib. O həm də şagirdləri üçün evlərində kitabxana yaratmağa kömək edir: "Elə şagirdlərim var ki, tez-tez Bakıda keçirilən kitab sərgisinə gələrək müxtəlif kitablar alır, yaratdıqları "Youtube" kanalı üzərindən isə digər kitabsevərlərə də ətaflı məlumatlar verirlər".
Müəllimin şagirdləri arasında həm yerli, həm də dünya yazarlarının əsərlərinə böyük maraq var. Onlar Cəlil Məmmədquluzadənin, Çingiz Abdullayevin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Aqata Kristinin, Fyodor Dostoyevskinin, Lev Tolstoyun və digər yazarların əsərlərini böyük maraqla oxuyurlar. Bir sözlə, kitabxanası müxtəlif janrlarla zəngindir.
Marqlıdır, son bir ayda bu kitablar üçn nə qədər vəsait xərcləyib?
T.Tağızadə bildirir ki, son bir ay əzində həm alınan kitablara, həm də yaratdığı klublara görə ümumi olaraq iki yüz manatadək vəsait xərcləyib. Bu işdə ona mənəvi dəstəklər olsa da, hədiyyə istisna olmaqla, demək olar ki, maddi yardım edən olmayıb: "Ad günümdə dostlarmndan hədiyyə olaraq kitab istədim, bir gün ərzində 100 kitab hədiyyəsi aldım".
"Amma qeyd edim ki, kəndimiz dağlıq ərazidə yerləşir, dəstəyimiz bir o qədər yoxdur, infrastruktur, nəqliyyatla bağlı problemlərimiz var. Çalışıram ki mədəni sərgilər artıq Yardımlıya da ayaq açsın. Bunadək bütün mədəni sərgilər Masallıdan o tərəfdə qalıb. Qeyd edim ki, oktaybrın 2-də şəxsi təşəbbüsümlə Yardımlıda ilk dəfə kitab sərgisini təşkil edə bildik. Sərgidə 500-dək kitab var idi. Sərgi zamanı 150-dən artıq kitabı satış olmadan payladıq, hədiyyə etdik", - deyə o, əlavə edir.
Müəllim şagirdlərdə başqa istedadları da üzə çıxarmağa çalışır: "Şagird var ki riyaziyyatı qavramır, amma gözəl rəsm çəkir, futbol oynayır. Uşaqlarda istedadı aşkarlayıb inkişaf etdirmək lazımdır".
Qeyd edək ki, T.Tağızadə könüllü təşəbbüsü ilə kənddə incəsənət və kitab klubu yaradıb. Burada uşaqların bütün ehtiyacları təmənnasız olaraq qarşılanır.
T.Tağızadə ailəlidir, iki övladı var.
P.S: Bu kitabxananın zənginləşməsinə, daha böyük kütlənin kitab oxumasına dəstək üçün 051-532-37-57 nömrəsi ilə əlaqə salaya bilərsiniz.