BAKI, 26 yanvar — Sputnik. Yanvarın 21-də sağçı ekstremist "Sərt kurs" Partiyasının lideri Rasmus Paludan Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quran kitabını nümayişkaranə şəkildə yandırıb. R.Paludan çıxışında NATO, Türkiyə və Ərdoğanı tənqid edib, eləcə də Məhəmməd Peyğəmbərin karikaturasını nümayiş etdirib.
İsveçdə baş verən bu hadisəyə dünya ictimaiyyəti də səssiz qalmayıb. Beynəlxalq təşkilatlar baş vermiş bu hadisəni verdikləri bəyanatlarla qınayıblar. Xüsusən də bu hadisə NATO istiqamətində addımlamaq istəyən İsveçin Türkiyə ilə münasibətlərini gərginləşdirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasından sonra İsveç NATO-ya üzv olmaq səylərində rəsmi Ankaranın dəstəyinə ümid edə bilməz.
Sputnik Azərbaycan Avropadakı islamafobiya dalğasının arxasında duran məqamlarla bağlı Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynovun fikirlərini öyrənib.
Rizvan Hüseynov bildirib ki, islama qarşı bu addımların arxasında müəyyən səbəblər var: "Biz bilirik ki, Türkiyə İsveçdən PKK terror təşkilatına qarşı əməli tədbirlər görməyi tələb edirdi. Amma həm də onu bilirik ki, Avropada bəzi dairələr NATO-nun genişlənməsində maraqlı deyil. İsveçin NATO-ya üzvlüyünün Türkiyədən asılı olduğunu bilirik. Düşünürəm ki, bu təxribat xarakterli fəaliyyət əvvəlcədən planlaşdırılmış şəkildə icra olunub. Onu icra edən şəxs də xüsusi olaraq bu məqsəd üçün istifadə olunub".
"Bu bir vandalizm aktıdır. Bunun ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur. Amma məsələyə geniş baxsaq, bu vandalizm aktının icrasında tək məqsəd müsəlmanların dini heysiyyətinə toxunmaq deyil, əsasən Türkiyənin İsveçin NATO-ya üzvlüyü məsələsinə heç vaxt razılıq verməməsini təmin etməkdir. Belə çirkin addımlarla hansısa nəticələr əldə etdiyini düşünənlər əslində elə itirən tərəfin özüdürlər. Biz bilirik ki, onlarda türkofobiya, islamofobiya əvvəldən var. Onlar cəmiyyətin bütün sferalarında Türkiyənin Avropanı işğal etmək fobiyasını təlqin edirlər. Bu baxımdan onların istinad nöqtəsi Osmanlı imperiyasıdır. Onlar bu fobiya ilə yaşayırlar. Düşünürəm ki, bu vandalizm aktını törətdirənlər indiki mərhələdə İsveçin NATO yolunda qarşısının kəsilməsinə nail ola bildilər", – deyə tarixçi qeyd edib.