BAKI, 26 yanvar — Sputnik. Azərbaycanda sağlamlıq haqqında arayışın qiymətinin baha olması Milli Məclisdə müzakirəyə səbəb olub. Milli Məclisin Səhiyyə komitəsinin dünən keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib ki, sağlamlıq arayışının rüsumu kasıb ailə üçün bir kisə un deməkdir. Onun sözlərinə görə, yaxşı olardı ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Nazirlər Kabinetinə hesabat verdiyi kimi, Milli Məclisin Səhiyyə komitəsinə də hesabat versin: "Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər. Məsələn, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq".
Komitə sədri Əhliman Əmiraslanov Məlahət İbrahimqızının təklifini dəstəkləyib.
Qeyd edək ki, Milli Məclisdə qaldırılan bu məsələ sadə vətəndaşları narahat edən əsas məqamlardandır.
Bir kağız parçasına 41 manat?
Vətən müharibəsi iştirakçısı Vüsal Azayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir neçə ay öncə iş yerinə sağlamlıq haqqında arayışı təqdim etmək üçün qeydiyyatda olduğu ərazi üzrə polikilinikaya müraciət edib. Bu zaman ona 41 manat rüsum ödəməli olduğunu deyəndə, heyrətə gəlib: "Həmişə həkimə 10 manat verməklə sağlamlıq haqqında arayışı alırdıq. Birdən-birə bu arayışın qiymətinin 41 manat olması sözün əsl mənasında məni heyrətləndirdi. Bir kağız parçasına 41 manat tələb olunmasında əvvəlcə bir yanlışlıq olduğunu düşündüm. Sonra mənə bildirdilər ki, sağlamlıq arayışına yeni qiymət müəyyən olunub. Artıq qiyməti 41 manatdır".
Həmsöhbətimiz bu arayışı almadan polikilinikanı tərk edib: "Mən anlaya bilmədim ki, bir kağız parçasına vətəndaşdan bu qədər məbləğ necə tələb oluna bilər? Mən çalışdığım iş yerində icbari tibbi sığorta haqqı ödəyirəm. Yeni qəbul ediləcəym işdə də mən icbari tibbi sığorta haqqı ödəyəcəkdim. Bəs bu halda mən niyə bir arayışa 41 manat pul ödəməliyəm?"
Narazı vətəndaş bildirib ki, hələ polikilinikalar bu arayışı vermək üçün müraciət edən şəxslərdən yaşayış yeri üzrə arayış da tələb edir. Bu isə sağlamlıq haqqında arayışa çəkilən xərci daha da artırır. Onun fikrincə, bu vətəndaşı soymaqdır.
Rüsumlar gözüyumulu artırılır
Ümumiyyətlə son vaxtlar arayış və cərimələrin rüsumlarının fantastik həddə artırılması vətəndaşların ciddi narazılığına səbəb olub. Ölkəmizdə minimum əmək haqqı 345 manat olduğu halda bir arayış üçün 41 manat rüsumun tətbiq edilməsi birmənalı qarşılanmır. Vətəndaşlar artan rüsumların və cərimələrin minimum əmək haqqı, pensiya və müavinətlərlə tərs mütənasib olduğu qənaətindədirlər.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cərimə və rüsumlar təyin edilərkən minimum əmək haqqına uyğunlaşdırılmalıdır. N. Cəfərlinin sözlərinə görə, hazırda sağlamlıq haqqında arayışın qiyməti minimum əmək haqqının 11 faizi civarındadır. Ekspert bildirib ki, bu həddindən artıq yüksək göstəricidir. Natiq Cəfərli deyib ki, rüsum və cərimələr minimum əmək haqqının 1-2 faizini keçməməlidir. Dünyada bu qəbul olunmuş normadır: "Rüsum və cərimələr müəyyən edilərkən minumum və orta aylıq əmək haqqı, pensiyalar nəzərə alınmalıdır. Tibbi arayışla bağlı məntiqsizlik isə ondadır ki, vətəndaş ödədiyi məbləğin qarşılığında sağlamlığı ilə bağlı elə vacib məlumatları əldə etmir. Buraya "check up" müayinə paketi daxil deyil ki, bir arayış üçün vətəndaşdan 41 manat tələb edilsin. Nəzərə alsaq ki, bu arayışlar tibb məntəqələrində demək olar ki, formal olaraq, vətəndaş elə ciddi yoxlanılmadan verilir, onda 41 manat ödənişin tələb edilməsi absurddur".
Bəs ödədiyimiz icbari tibbi sığorta haqqı?
İqtisadçı bildirib ki, işləyən əhali hər ay icbari tibbi sığorta haqqı ödəyir: "Bəs onda sual olunur ki, vətəndaşın ödədiyi icbari tibbi sığorta haraya xərclənir? Hər ay icbari tibbi sığortaya ödənişi etsək də mütləq əksəriyyətimiz bunun qarşılığında tibbi xidmət almırıq".
N. Cəfərlinin sözlərinə görə, ən azı çalışan və icbari tibbi sığortaya aylıq ödəniş edən vətəndaşlar üçün bu arayış pulsuz verilməlidir.
İqtisadçı deyir ki, Publik Hüquqi Şəxslərin dövlət büdcəsinə yük olmaması üçün onlara gəlir əldə etmək hüququ verildikdən sonra onlar bu pulu vətəndaşların cibindən çıxarırlar: "Biz həm tibbi sığortaya aylıq ödəniş edirik, həmçinin də vergilər ödəyirik. Bu ikiqat vergiləndirmə sistemidir. Bu azmış kimi vətəndaşdan yenidən bəzi tibbi xidmətləri əldə etmək üçün ödəniş tələb olunur. Publik hüquqi şəxslər özlərini dolandırmaq üçün qanunların onlara verdikləri üstünlüklərdən sui-istifadə etməlidirlər.
N. Cəfərli bildirib ki, hazırda vətəndaşın sağlamlıq arayışı ilə bağlı seçim etmək hüququ yoxdur. Bu xidmətin bir qurum tərəfindən göstərilməsi, rəqabət mühitinin olmaması vətəndaşı çıxılmaz vəziyyətdə qoyur: "Bu arayışı bir yox, on qurum versə idi rəqabət mühiti olardı, vətəndaş özünə sərfəli qiymət təklif edəni seçərdi. Hazırki vəziyyətdə vətəndaş məcburdur ki, arayış üçün qoyulan rüsumu ödəyib sənədi alsın. Arayış və rüsumlarla bağlı tariflər müəyyən edilərkən bu məqam nəzərə alınmalıdır".
Arayış Xidmətlər Zərfinə daxil deyilmiş
TƏBİB Milli Məclisin deputatı Məlahət İbrahimqızının tibbi arayışların baha olması ilə bağlı fikirlərinə cavab verib.
TƏBİB-dən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir:
"Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Qeyd edək ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir. Tibbi göstəriş hər hansı bir xidmətin alınması üçün zərurət yarandığı haldır. Yəni vətəndaşın sağlamlıqla bağlı şikayətləri varsa, həmin şikayətlərlə tibb müəssisəsinə yaxınlaşarsa, bu, tibbi göstəriş halı sayılır. Bu zaman göstərilən bütün xidmətlər İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Amma tibbi göstərişi yoxdursa, bu zaman bu xidmətlər İcbari tibbi sığorta təminatı altında ödənilmir. Arayış alınması da tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Lakin sosial bir layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışlarına aiddir: Məktəbə, məktəbəqədər müəssisələrə təqdim etmək üçün bütün sağlamlıq arayışları, hətta ali təhsil müəssisənə təqdim etmək üçün olan arayışlar da ödənişsizdir. Həqiqi hərbi xidmətə çağırılanların müayinəsi də icbari tibbi sığorta ilə qarşılanır.
Ödənişli arayışlar isə tibbi göstərişlər olmadan müayinə edilib, arayış alan şəxslərə aiddir. Məsələn, sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək ödənişli arayışlardır.
Hər bir arayışın təsviri Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Hansı ixtisaslı həkimin müayinəsindən, hansı instrumental-laborator müayinələrdən keçmək lazımdırsa, onların hamısı olarsa, bu zaman məbləğ daha yüksək olur.
Məqsədimiz vətəndaş müraciət etdikdə onun sağlamlığını müəyyən etmək, bütün profilaktik müayinələri həyata keçirməkdir. Ola bilsin ki, həmin müayinələrin nəticəsində hansısa xəstəlik də aşkarlana bilər. Arayışların verilməsi ilə bağlı gələcəkdə hansı əhali kateqoriyası üçün güzəştlərin olması da hazırda müzakirə olunur. Amma indiki halda yalnız yuxarıda söylənilən şəxslər sağlamlıq haqqında arayış alarkən ödənişdən azad olunurlar. Digər şəxslər üçün isə bu xidmət ödənişlidir. Arayışların forması və hansı ixtisaslı həkimlərin müayinəsinin və hansı instrumental-laborator müayinələrin tələb olunması isə Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Sağlamlıq haqqında “Forma-86” arayışı təqdim olunur.
Sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir. Arayışlar 1 ay müddətində etibarlıdır. Eyni zamanda arayışların elektron formada təqdim edilməsi də müzakirə mövzusudur. Tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib".
Qeyd edək ki, Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanı ilə TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir.