CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zahid Oruc bir mənzilin 3-4 şəxsə satılmasından danışdı: vətəndaşa heç bir xeyri yoxdur

Qəbul etdiyimiz qanunla tikintinin təməli qoyulan anda alqı-satqı daşınmaz əmlakın dövlət reyestrində qanuniləşdirilməlidir.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. "Biz on illər ərzində əmlak məsələlərində problemlər olduğunu demişik".
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, yeni tikinti konsepsiyalarının tətbiqində hamı maraqlıdır:
"Hər hansı tikinti şirkətinin bir mənzili 3-4 şəxsə satmasına görə nə qədər adam həbs edilib. Amma bunun vətəndaşa heç bir xeyri yoxdur, onlar illərlə verdiyi vəsaiti geri qaytarmağa çalışırlar. Qəbul etdiyimiz qanunla tikintinin təməli qoyulan anda alqı-satqı daşınmaz əmlakın dövlət reyestrində qanuniləşdirilməlidir. Amma bunu yada salan yoxdur. Çünki bu, sərf eləmir. Vətəndaşın əmlaka dair hüquqları mövzusunda dinləmə təklifini təqdir edirəm. Sovet dövründə tikilmiş mənzil fondunun böyük hissəsi yenilənsə də, dediyimiz problem də var. 400 mindən artıq rəsmiləşdirilməmiş ev, daşınmaz əmlakdan danışırıq. Bu problemdən ən çox vətəndaş əziyyət çəkir, qeydiyyata düşə bilmir. Qeydə alınmamış ünvanda uşaqlar dünyaya gəlir, əsgər gedir. Bu mənzillərin satışında da problemlər yaşanır. Bu sessiyanın iş planına əmlak problemləri ilə bağlı dinləməni daxil edəcəyik. Bunu Milli Məclisin sədri Sahibə Qafarovayla da danışacağam".