PAYTAXT XƏBƏRLƏRİ

Polis narkotacirlərə qarşı əməliyyat keçirdi

Qanunsuz dövriyyədən külli miqdarda - 5 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin çıxarılıb.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 10 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən külli miqdarda - 5 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin çıxarılıb.
Saxlanılanlardan biri, əvvəllər məhkum olunmuş Anar Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olub. O, narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiyini bildirib.
Aşkar edilən faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
"Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, ilin əvvəlindən Yasamal Rayon Polis İdarəsinin və ərazi Polis Bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən 13 kiloqramdan artıq narkotik vasitə və psoxotrop maddə çıxarılıb.