VİDEO

Azərbaycan dünyanın logistik mərkəzlərindən biri olmağa cəhd edir - Ekspert

Ekspertin fikrincə, ölkəmizin fraqmental dünyada regional ən böyük hab və logistik mərkəzlərdən birinə çevrilməsi üçün şərait yarana bilər.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Dünya İqtisadi Forumu (Davos), gözləndiyi kimi, bu il daha çox dünyadakı iqtisadi böhran məsələlərinin və onun dərinliyi haqqında ciddi müakirə platforması oldu. Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bundan başqa, tədbirdə daha çox enerji keçidinin, alternativ enerjiyə keçidin dünya iqtisadiyyatına həm təsirləri, həm bunun sürəti ilə bağlı ciddi disskusiyalar olub:
"Əsas problemlərdən biri də qlobal dünyadan fraqmental dünyaya keçidlə bağlı müzakirələrin aktuallaşması oldu".
Ekspertin qənaətinə görə, bu o deməkdir ki, qlobal dünyada logistik zəncirlər daha rahat çalışmağa öyrəşmişdilər. Amma indiki geosiyasi vəziyyətin gərginləşməsi, ölkələr arasında münasibətlərin gərginləşməsi, Rusiya və Ukrayna arasında gedən münaqişə - bütün bunlar logistik xətlərin daha da problemli hala gəlməsinə səbəb olub:
"Və bu mənada hər iki əsas mövzularda, Azərbaycanın da orda iştirakını nəzərə alsaq, Azərbaycana aid kifayət qədər ciddi məsələlər var idi. Bunlardan biri də təbii ki, Azərbaycanın gələcəkdə bölgənin və dünyanın logistik mərkəzlərindən biri olmaq cəhdləridir. Yəni Azərbaycan buna çalışır, bunun üçün investisiyalar yatırır, uzun illərdi bununla bağlı müəyyən addımlar atılır və gələcəkdə doğurdan da belə bir şans, belə bir fürsət yarana bilər ki, Azərbaycan fraqmental dünyada regional ən böyük hab və logistik mərkəzlərdən birinə çevrilsin. Bunun üçün fürsətlər var. Digər məsələdə alternativ enerjiyə keçidlə bağlı idi. Azərbaycanın burda da təbii şəraiti var. Həm küləklə bağlı, həm günəş enerjisinin generasiyası ilə bağlı".