BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonunda yaşayış evində partlayış olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarında FHN-in "112" qaynar telefon xəttinə rayonun Görədil kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətində ümumi sahəsi 360m² olan ikimərtəbəli köməkçi tikilinin birinci mərtəbəsində yerləşən mətbəxində ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə edilməyən partlayış baş verib.
Hadisə nəticəsində mətbəxin qapı-pəncərəsi çərçivədən çıxıb, lambirdən ibarət tavanı dağılıb. Partlayış dalğasının təsirindən yaxınlıqda olan ikimərtəbəli evin pəncərə şüşələri sınıb.
Partlayış nəticəsində xəsarət alan olmayıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.