TƏHSİL

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbuluna başlanılır

Proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları sənəd qəbulunda iştirak etməyə dəvət edilir.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili üzrə sənəd qəbuluna başlanılır. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.
Qeyd edək ki, əlavə sual yarandığı zaman "Mütəmadi verilən suallar" bölməsinə və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.
Xaricdə doktorantura təhsilinin maliyyələşməsinə müraciət edən zaman tələb olunan sənədlər
Xatırladaq ki, "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.
Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulmuşdur.
Müraciət üçün tələb olunan sənədlərin siyahısı:
Dünyanın top 500 universitetlərdən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;
Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;
Tədqiqat işi (azərbaycan dilində və 2000 sözdən az olamayaraq);
Diplom(lar) və əlavəsi(ləri);
Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
Tövsiyyə məktubları (2 ədəd);
Sağlamlıq haqqında arayış (AZS – 086/1);
Elmi məqalələrin surəti (mövcud olduğu halda);
CV.
Elana dair ətraflı məlumatı bu keçiddən (https://dp.edu.az/az/content/62) əldə etmək mümkündür.
Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərdən faydalanaraq, müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın Azərbaycan Respublikasının ali təhsil müəssisələrində hazırlanması yolu ilə Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” hazırlanıb.
Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.