BAKI, 24 yanvar — Sputnik. Paytaxtdakı 59 saylı tam orta məktəbdə müəllimin şagirdləri döyməsini əks etdirən videonun ardınca dərs prosesini pozan, bunu mobil telefona çəkən şagirdlər müəllimdən üzr istəyib. Sosial platformada bundan sonra müəllimin işdən çıxarılıb-çıxarılmayacağı geniş müzakirəyə səbəb olub. Sputnik Azərbaycan bu halda müəllimə hansı cəzanın veriləcəyini, dərsi pozan şagirdlərlə bağlı hansı tədbir görüləcəyini araşdırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimayyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, paytaxtdakı 59 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərə qarşı şiddət göstərməsi ilə bağlı yayılan videogörüntü ilə əlaqədar məktəbdaxili araşdırmanın aparılmasına dair tapşırıq verilib:
"Məktəbin və müəllimin nüfuzuna xələl gətirən, tədris prosesinə uyğun olmayan bu kimi hallar yolverilməzdir. Ümumtəhsil məktəblərində müəllim-şagird münasibətlərinin tənzimlənməsinə hər zaman xüsusi önəm verilir, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi, müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır. Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin qorunması, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması, uşaqların psixoloji dayanıqlılığının artırılması, müəllim-şagird və məktəb-valideyn münasibətlərinin tənzimlənməsi təhsil müəssisələri rəhbərlərinin qarşısında duran əsas vəzifələrdəndir".
Hadisənin baş verdiyi 59 saylı məktəbin direktoru Pikə Əhmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələlik müəllimlə bağlı hər hansı tədbir görülməyib. P.Əhmədova yayılmış video ilə bağlı araşdırmalar aparıldığını söyləyib. Onun sözlərinə görə, eyni zamanda məktəbdə şagirdlərin intizam qaydalarına əməl etməməsi də araşdırılır.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının namizədi Rüfət Əsədzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbdə şiddət heç bir halda çıxış yolu ola bilməz. Onun sözlərinə görə, məktəblərdə uşaq qorunması siyasəti müəyyən edilməlidir. R.Əsədzadə bildirib ki, inkişaf etmiş ölkələrin mütləq əksəriyyətində bu siyasət düzgün qurulub. O, qeyd edib ki, inkişaf etmiş ölkələrdə müəllimlər hər dərs ili öncəsi uşaq qorunması ilə bağlı kurslara cəlb olunur.
R.Əsədzadənin sözlərinə görə, müəllimləri şagirdləri döydüyü üçün cəzalandırmaq da çıxış yolu deyil. O, bildirib ki, hər bir müəllim sinfin idarə edilməsi ilə bağlı texnikaları bilməlidir: "Bu da uşaq siyasətinin qorunması ilə bağlı işin tərkib hissəsidir. Müəllimlər xarici ölkələrdə hər yeni dərs ili öncəsi uşaq qorunması ilə bağlı kurs keçirlər. İl ərzində dərs dinləməsi aparılarkən müəllimin buna görə qiymətləndirilməsi aparılır. Elə müəllim var ki, əsəblərini cilovlaya bilmir. Belə müəllimlərə həmin kurslarda uşaqların düzgün idarəedilməsi yolları izah olunur".
Şura üzvü onu da bildirib ki, müəllimin səriştələri inkişaf etdirilməlidir. Həmsöhbətimizin fikrincə, müəllim dərsi nə qədər maraqlı izah edərsə, həmin sinifdə şagirdlərin idarəedilməsi də o qədər rahat olur.
Bununla belə R. Əsədzadə şagirdlərin davranışlarının da təhsil müəssisəsinin tələblərinə cavab verməli olduğunu söylədi. Həmsöhbətimiz bildirdi ki, şagirdlərin tərbiyəsində əsas rolu ailə oynayır: "Məktəbə gələn şagirdi altı yaşınadək ailəsi tərbiyə edir. Ona görə də demək olar ki, şagirdlərin tərbiyəsinin əsası məktəbdə qoyulur. Şagird məktəbə gəldikdən sonra ailələrin məktəbə inteqrasiyası çox vacibdir".
Şura üzvünün sözlərinə əsasən, eyni zamanda peşəkarlıq baxımından müəllim çətin tərbiyə olunan, hiperaktiv uşaqlarla iş metodikasına hazır olmalıdır: "Amma təcrübə göstərir ki, müəllimlərin çoxu buna hazır deyil. Çünki, ayda ən azı iki dəfə məktəblərdə müəllimlərin şagirdlərə qarşı şiddət göstərdiyini, şagirdlərin davranışında qüsurları əks etdirən videolar paylaşılır. Ona görə də, müəllimlərə cəza verməkdənsə, onları kurslara cəlb etməklə tədris metodikasının daha maraqlı aparılmasının yoları başa salınmalıdır".
Onu da əlavə edək ki, hazırda Elm və Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" hazırlanır. Hazırda sənəd müzakirə mərhələsindədir.
Görüntülər 59 saylı məktəbin 6ç sinfində qeydə alınıb. Məktəbin ədəbiyyat müəllimi, 62 yaşlı Solmaz Şirinova şagirdlər dərsi pozduğu üçün onları döyüb.
Xatırladaq ki, bir müddət öncə Suraxanı rayonunda yerləşən 146 nömrəli məktəbdə şagirdi döyən müəllim işdən kənarlaşdırılıb.