İQTİSADİYYAT

Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar ləğv olunur

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. Gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində vəzifəsi ləğv olunur.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Buna uyğun olaraq beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş dövlət rüsumu da ləğv olunur.
Qeyd edək ki, hazırda rüsumlar beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda yük avtomobilləri üçün 100 ABŞ dolları, sərnişin avtobusları üçün 50 ABŞ dolları təşkil edir.
Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün müvafiq olaraq 150 ABŞ dolları və 75 ABŞ dolları təşkil edir.
Gömrük Məcəlləsində deyilir ki, icazə blankına görə dövlət rüsumu xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür.