BAKI, 24 yanvar — Sputnik. Bakı Metropolitenində daha bir yeni qatarın xəttə buraxılması ilə xətlərdə hərəkət edən yeni nəsil qatarların sayı 21-ə, vaqonların sayı isə 105-ə çatdırılıb.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi və texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub dörd yeni qatar tərkibi (cəmi 20 vaqon) ötən ilin sonunda Bakıya gətirilib.
Yeni qatar 2019-cu ildə bağlanan müqaviləyə görə, “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib. Bütün vaqonların dartı mühərrikləri ilə təmin edilməsi yol profilinin mürrəkkəbliyi ilə izah edilir. Mikroiqlim nəzarət sistemində Bakının iqlim şəraitinə hesablanmaqla daha güclü kondisionerlər quraşdırılıb.
"Sərnişindaşıma üçün vacib ənənəvi üstünlüklərdən biri də vaqondan-vaqona birbaşa keçidin olması salonun sərnişin tutumunu əsaslı şəkildə artırıb. Baş vaqonlar 315, orta vaqonlari isə 329 sərnişin üçün nəzərdə tutulub. Oturacaqların sayı baş vaqonlarda 38, orta vaqonlarda 44-dür. Vaqonlarda sərnişinlər üçün çoxfunksiyalı zonalar, həmçinin baş vaqonlarda əlil arabası üçün yerlər nəzərdə tutulub. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat minib-düşməsini təmin edir. Bu isə öz növbəsində qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına, intervalların qorunmasına da qismən mübət təsir göstərir", - deyə qurumdan verilən məlumatda bildirilir.
Qeyd olunur ki, ötən il gətirilən vaqonlarda olduğu kimi, bu vaqonlarda da tutacaqlar sərnişin sıxlığı nəzərə alınmaqla yerləşdirilib. Xüsusən vaqonların giriş zonalarında tavandan xüsusi həndəsi formada asılmış tutacaqlar sıxlıq şəaritində sərnişinlərin rahatlığını optimallaşdırmağa imkan verir.
Qeyd edək ki, yeni qatar da əvvəlkilər kimi, “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edəcək. Hazırda 21 yeni qatardan 3-ü Qırmızı xəttin (“İçərişəhər-Həzi Aslanov”) sərnişinlərinə xidmət göstərir.
Əlavə olaraq qeyd edəık ki, daha iki qatar tərkibində sazlama və sınaq işləri davam etdirilir. Tezliklə onlar da eyni qayda ilə xəttə buraxılacaq.