CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suitilərin tələfatının səbəbi açıqlandı - Rəsmi

Aparılmış müayinələrin nəticəsində heç bir yoluxucu xəstəliyin törədicisinə rast gəlinməyib.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Bir müddət əvvəl Xəzər dənizi sahillərində rast gəlinmiş suiti cəsədlərinin və tələfatının səbəblərinin araşdırılması məqsədilə AQTA, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin iştirakı ilə monitorinqlər təşkil olunub.
AQTA-dan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, monitorinqlər Bakı və Sumqayıt şəhərləri, Xızı, Xaçmaz, Şabran, Lənkəran, Astara, Neftçala və Salyan rayonları ərazisində sahilboyu zonaları əhatə edib. Monitorinqlər zamanı rast gəlinən suiti cəmdəklərinin qalıqlarından patoloji material nümunələri götürülərək AQTİ-nin müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Aparılmış müayinələrin nəticəsində heç bir yoluxucu xəstəliyin törədicisinə rast gəlinməyib.
Qeyd edək ki, Rusiyanın müvafiq qurumu - "Rosprirodnadzor"un yayımladığı məlumata görə, molekulyar çəkisi atmosfer havasından ağır olan təbii qazların dənizin dibindən çıxmaqla suyun səthinə qalxması və hipoksiyanın yaranması nəticəsində burada tənəffüs edən suitilərin tələf olması ehtimal olunur.
Məsələ Dağıstan Respublikasının aidiyyəti mütəxəssisləri ilə işçi qaydada müzakirə edilib və eyni fikir onlar tərəfindən də səsləndirilib. Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin tədqiqatçıları da oxşar ehtimal irəli sürməklə suitilərin seysmik aktivlik nəticəsində yaranan metan qazından zəhərlənməsi qənaətinə gəliblər. Hələlik, qonşu ölkənin aidiyyəti laboratoriyalarında aparılmış müayinələr nəticəsində tələfatın əsl səbəbi müəyyən edilərək rəsmi şəkildə elan olunmayıb.
Xatırladaq ki, Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Süleyman Süleymanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, suitilərin kütləvi ölümünün Xəzərin Azərbaycan hissəsində baş verməsi inandırıcı görünmür.
S.Süleymanov bildirib ki, suitilərin kütləvi ölüm səbəbi müxtəlif ola bilər: "Bir səbəb Xəzərə axıdılan çayların kimyəvi çirklənməsi ola bilər. Noyabr-dekabr aylarında suitilər çoxalmaq üçün Xəzərin şimalında - Rusiya sularında sürü halında bir yerə cəmləşirlər. Digər səbəb isə balıqçıların dənizdə balıq ovlamaq üçün partalayıcılardan istifadə etməsi ola bilər".
Həmsöhbətimiz bildirdi ki, suitilərin suiti taunu səbəbindən ölməsi barədə iddialar inandırıcı görünmür: "İnfeksion xəstəliklər suitiləri belə kütləvi şəkildə qıra bilməz. Bir-iki günün ərzində Xəzərin şimalında, Rusiya hissəsində 2500 suitinin qırılması faktı aşkarlanıb. Bu, çox güman ki, suyun toksiki zəhərlənməsi ilə bağlıdır".