BAKI, 23 yanvar — Sputnik. Ukrayna xalqı Qərb silahlarının tədarükü şəklində "görüntü xatirinə" dəstək üçün bədəl ödəməli olacaq.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Silahlarla təchizatda və Ukraynanın texnoloji səviyyəsinin yüksəldilməsində bu və ya digər şəkildə birbaşa və ya dolayısı ilə iştirak edən bütün ölkələr bu və ya digər şəkildə buna görə məsuliyyət daşıyırlar", - deyə Peskov bildirib.
O qeyd edib ki, Ukrayna xalqı Qərbin hərəkətlərinə görə cavab verməli olacaq.
"Əsas odur ki, Ukrayna xalqı bütün bu hərəkətlərin, bütün bu "görüntü xatirinə" dəstəyin bədəlini ödəməli olacaq", - deyə o, sözünü yekunlaşdırıb.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərbdən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.