RUSİYA

Lavrov: Rusiya istənilən mübahisənin sülh yolu ilə həllinin tərəfdarıdır

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukrayna ətrafındakı vəziyyətlə bağlı Cənubi Afrikanın mövqeyini yüksək qiymətləndirir.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Rusiya istənilən mübahisənin sülh yolu ilə həllinin tərəfdarıdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Biz mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıyıq və planetdəki istənilən münaqişənin dialoq yolu ilə həllini müzakirə etməyə hazır olacağıq. Lakin təəssüf ki, arxasında qərbli həmkarlarımızın dayandığı münaqişələrin əksəriyyəti vəziyyətin normallaşmasına gətirib çıxarmır", -deyə Lavrov Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor ilə görüşdə söyləyib.
Nazir xatırladıb ki, Ukrayna ilə bağlı vəziyyətdə Rusiya ötən il Ukraynanın danışıqlar aparmaq təklifini dəstəkləyib, lakin sonradan Kiyevin özü onlardan imtina edib və qanunvericilik səviyyəsində Rusiya ilə danışıqları qadağan edib.
Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Moskva Ukrayna ətrafındakı vəziyyətlə bağlı Cənubi Afrikanın mövqeyini yüksək qiymətləndirir.
"Mən sizin açıq, dürüst və məsuliyyətli mövqeyinizə hörmətlə yanaşıram", - deyə Lavrov vurğulayıb.