BAKI, 23 yanvar — Sputnik. "Heydər Əliyev ili" çərçivəsində yeni layihələrə start verilir.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı "Mədəniyyətə bağlı ömür" layihəsinə start verir. İzləyicilər layihə çərçivəsində Ulu öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar.
Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında təqdim ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.