BAKI, 23 yanvar — Sputnik. 2022-ci il ərzində qeydiyyat orqanlarında 62 minə yaxın nikah dövlət qeydiyyatına alınıb.
Ədliyyə Nazirliyinin yaydığı xəbərə görə, nikahların sayı 2021-ci ilə nisbətdə 10 faiz artıb.
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə cəlb edilmiş mütəxəssislər tərəfindən nikahın pozulması üçün müraciət etmiş şəxslərin 20 faizi nikahın pozulmasından imtina edib.
Bundan başqa, ötən il ad, soyad və ata adını dəyişdirənlərin sayı da açıqlanıb. Belə ki, 2022-ci il ərzində qeydiyyat orqanlarında 2300-dən artıq şəxsin adının, ata adının və soyadının dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.
2022-ci il ərzində qeydiyyat orqanlarında 18 mindən artıq şəxs barəsində atalığın müəyyən edilməsi dövlət qeydiyyatına alınıb. 2022-ci ildə qeydiyyat orqanları tərəfindən 120 mindən artıq şəxsin doğumu qeydə alınıb.
Ədliyyə Nazirliyindən bildirilib ki, onlardan 1789-u əkiz, 61-i üçəm, 1-i dördəm, 1-i isə beşəm olub.
Ədliyyə Nazirliyi ötən il körpələrə ən çox hansı adların verildiyini də açıqlayıb. Məlum olub ki, 2022-ci ildə doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə ən çox Uğur, Əli, Hüseyn, Yusif və Məhəmməd adı verilib.
Qeyd edilib ki, qadın cinsindən olan körpələrə isə Zəhra, Aylin, Məryəm, Zeynəb və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.