AZƏRBAYCAN XƏBƏRLƏRİ

Davos Forumu Azərbaycan üçün nə ilə yadda qaldı? - millət vəkilinin şərhi

Millət vəkili bildirib ki, Dünya İqtisadi Forumunda təkcə forumun adına uyğun olaraq iqtisadi məsələlər deyil, həm də siyasi məsələlər müzakirə olunur.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib.
Sputnik Azərbaycan Prezident İlham Əliyevin Davos Forumunda iştirakının yekunları ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili bildirib ki, Dünya İqtisadi Forumunda təkcə forumun adına uyğun olaraq iqtisadi məsələlər deyil, həm də siyasi məsələlər müzakirə olunur.
Onun sözlərinə görə, son illərdə Davos İqtisadi Forumu daha çox siyasi platforma xarakteri kəsb etməyə başlayıb: "Elə sonuncu forumda müzakirə olunan məsələlər də bunu göstərdi. Forumun xarakterinə uyğun davranan azsaylı ölkələrdən biri də məhz Azərbaycandır. Başqa ölkələr o platformanı geosiyasi ambisiyalar üçün istifadə etdiyi halda, Azərbaycan prezidenti ölkəsinin iqtisadi əlaqələrinin genişləndirilməsinə daha çox üstünlük verdi. Bu da Davos Forumunun ruhuna və onun yaradılması motivlərinə tam uyğundur. Bununla yanaşı Prezident İlham Əliyev iqtisadi xarakterli məsələlərin müzakirəsi kontekstində Azərbaycanın siyasi mövqeyi haqqında müəyyən məqamları təqdim etmiş oldu. Qeyd etmək lazımdır ki, ölkə rəhbəri Davos platformasını bir neçə il öncə, keçmiş münaqişə vəziyyətində Azərbaycanın haqlı mövqelərinin, münaqişəsinin tənzimlənməsindəki ölkəmizin addımlarını dünya ictimaiyyətinə diqqətinə çox ciddi arqumentlər əsasında çatdırırdı. Düşünürəm ki, 44 günlük Vətən müharibəsindəki hərbi qələbəmizin müəyyən siyasi komponentlərinin formalaşması yönündə Azərbaycan prezidentinin Davos çıxışları təsirli rol oyanyıbdır".
Elşad Mirbəşiroğlu qeyd edib ki, hazırda da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsi dünya ictimaiyyətinin diqqətindədir: "Ölkə prezidenti Azərbaycanın mövqeyinin, regiondakı proseslərə baxışının nədən ibarət olduğunu müxtəlif xarakterli görüşlər əsnasında çatdırmış oldu. O cümlədən Laçın yolunda baş verənlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa müyəssər oldu. Bildiyiniz kimi, bunun üzərindən Ermənistan və onun havadarı Fransa və digər qərəzli mövqe nümayiş etdirən ölkələr spekulyasiyalar etməklə məşğuldurlar. Düşünürəm ki, Azərbaycan prezidentinin səsləndirdiyi fikirlər əsasında formalaşan təsəvvürlər daha dolğun və inandırıcıdır".
"Ayrıca olaraq Azərbaycanın iqtisadi prioritetlərinin nədən ibarət olduğunu və ölkəmizin atacağı addımlar, ölkəmizin üstünlük verdiyi əməkdaşlıq istiqamətləri kimi sual doğuran məqamlara ölkə başçısı tərəfindən aydınlıq gətirilmiş oldu. Bildiyiniz kimi, Azərbaycan lideri bir sıra ölkələrin rəhbər şəxsləri ilə, beynəlxalq koorparasiyaların təmsilçiləri ilə görüşlər keçirdi. Azərbaycanla həmin subyektlər arasında əlaqələrin və münasibətlərin səviyyəsi, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirildi. Bu il keçirilmiş Davos İqtisadi Forumu Azərbaycan Prezidentinin sərgiləmiş olduğu mövqelər sayəsində ölkəmiz üçün uğurlu oldu" – deyə millət vəkili qeyd edib.