BAKI, 23 yanvar — Sputnik. Artıq uzun illərdir Azərbaycanda universitetlərarası, yaxud da universitet daxilində fakültələrarası yerdəyişmə mövcuddur. Hazırda təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanır.
Maraqlıdır, tələbələri yerdəyişməyə vadar edən əsas səbəblər hansılardır və ümumiyyətlə, bu prosedur necə həyata keçirilir?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, yerdəyişmə prosesi hazırda elektron qaydada - hansısa məmuru, vəzifəli şəxsi "görməyə" ehtiyac olmadan, şəffaf şəkildə həyata keçirilir. Bu səbəbdən yerdəyişmə prosesində hansısa neqativ halın olması mümkünsüzdür.
Yerdəyişmə transfer.edu.az saytı üzərindən həyata keçirilir. Bunun üçün şəxs qeydiyyatdan keçərək həmin portalda şəxsi kabinet yaradır, tələb olunan sənədləri (qiymət cədvəli və s.) bazaya yükləyir. Köçürülmə prosesinin icrası üçün bir neçə zəruri tələb olur. İlk olaraq tələbə köçürülmək istədiyi ixtisasa uyğun bal toplamalıdır.
Ekspert bildirir ki, tələbə eyni ixtisas üzrə köçürülməni icra etmək istəyirsə, hər hansı universitetdə eyni fakültədə topladığı baldan aşağı balla ödənişsiz təhsil ala bilər. Lakin şəxs fərqli ixtisas üzrə müraciət etdikdə bu zaman ödənişli təhsil almış olacaq: "Yəni, şəxs tarix ixtisasından I qrup üzrə kompyuter mühəndisliyi və s. ixtisaslar üzrə köçürməni icra etmək istəyirsə, bu zaman ödənişli əsaslarla təhsil ala bilər".
K.Əsədov hesab edir ki, bu prosesin daha da təkminləşdirilməsinə ehtiyac var. Çünki bu proses artıq 7 ildir eyni qaydalar üzrə icra olunur.
Dəyişiklik nədən ibarət olmalıdır?
Ekspertin fikrincə, qaydalar dəyişməlidir. Köçürülmə üçün öncədən plan yeri ayırlmalıdır. Bəlli olmalıdır ki, hər bir ali təhsil müəsisəsi nə qədər tələbə qəbul edə bilər.
"Hələlik universitetlərlə bağlı belə bir məlumat yoxdur. Elm və Təhsil Nazirliyinin adıçəkilən saytında transferlə bağlı müraciətlərdən sonra universitetlərdə problemlər yaranır. Ya həmin ixtisas üzrə yetərli tələb olmur, ya da ki, fənlərə görə kəsr problemi yaranır. Qaydalar bir qədər də sadələşdiriməlidir. Hər kəs rahatlıqla köçürmə prosesini icra etməlidir", - deyə o, əlavə edib.
K.Əsədovun fikrincə, daha çox xarici ölkələrdən köçürülməyə üstünlük verilməlidir: "Hazırda Azərbaycandan kənarda 42 mindən çox tələbə təhsil alır. Onların Azərbaycan universitetlərinə köçürülməsi həm də kifayət qədər vəsait axını deməkdir".
Yerdəyişmənin əsas səbəbləri
K.Əsədov bildirir ki, əsas səbəblərdən biri ixtisas seçimi zamanı yanlış qərarların verilməsidir:
"Abituriyentlər sonradan başa düşürlər ki, həmin balla daha yaxşı ixtisaslarda təhsil ala bilərlər. Yaxud, müəyyən müddətdən sonra bəzi tələbələr başa düşürlər ki, artıq Bakıda təhsillərini davam etdirə bilmirlər. Kirayə və digər xərclər onlar üçün çoxdur. Belə olan halda onlar Bakıdan bölgələrə axın etmiş olurlar. Ailə durumu ilə bağlı statusun dəyişməsi halalrı da var. Bəzən şəxsin ailə qurması onun qiyabi təhsilə keçməsinə səbəb olur".
Ekspertin fikrincə, xarici ölkələrdən gələnlərin imtahan balına deyil, akademik göstəricilərinə baxmaq daha yaxşı olardı.
Təhsil üzrə digər ekspert Elşən Qafarov da hesab edir ki, son üç ildə tələbələrin transferində çox şəffaf bir mühit yaradılıb:
"Xaricdən Azərbaycana tələbələrin transferi ilə bağlı qayda belədir ki, şəxs DİM-də imtahan verməlidir, təhsil almaq istədiyi ixtisas üzrə müvafiq bal toplamalıdır. Onun topladığı bal bura gəlmək istədiyi ixisasda tələb olunan balla üst-üstə düşürsə, bu zaman transfer uğurla baş tuta bilər. Azərbaycanda xaricdən tələbənin transferi üçün yalnız bu kriteriyadan istifadə olunur".
Ekspert deyir ki, xaricdə məsələyə fərqli baxırlar. Transferlə bağlı qərarları universitetlər özləri verirlər. Onlar akademik göstəricilərə baxırlar ki, hansı tələbə daha çox faydalıdır:
"2011-ci ildə yerli universitetlərin hamısı özünü maliyyələşdirmə sisteminə keçiblər. Universitetdən tələbənin getməsi onun maliyyə imkanlarının azaldılmasına gətirib çıxarır. Xaricdə isə universitetlərin tələbləri sırasında bir sıra nüanslar, həmçinin akademik göstəricilər, nailiyyətlər, ictimai fəaliyyətlər, xarici dil bilikləri və s. göstərilir. Universitet rəhbərliyi istəyir ki, akademik göstəriciləri daha yaxşı olanlar bu təhsil ocağında təhsil alsınlar. Azərbaycanda isə 10-dək təhsil krediti - kəsiri olanlar da transfer oluna bilirlər. Yəni, daha əvvəlki univrsitetdə yaranan kreditləri də üz tutduğu universitetdə ödəyəcək və bu da universitet üçün əlavə vəsaitdir. Yəni, bizdə işin sadəcə olaraq maliyyə tərəfi düşünülür".
Ekspert belə hesab edir ki, yeni qaydalarda bu nüanslar da nəzərə alınmalıdır. Universitetlərə müəyyən müstəqillik verilməlidir ki, kriteriyaları özləri müəyyənləşdirsinlər. Üstəlik tələbələr arasında akademik göstəriciləri, xarici dil bilikləri olanlara üstünlük verilməlidir.
Mövcud qaydalar necədir?
Bakalavriat və ya magistratura səviyyələrində, həmçinin orta ixtisas təhsili üzrə ixtisasını və ya universitetini dəyişdirmək, habelə xarici ölkə ali təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı ilə həyata keçirilir. Şəxs ixtisasını və ya universitetini dəyişmək istəyirsə, həmin portalda qeydiyyatdan keçməli və öz şəxsi kabinetini yaratmalıdır. Daha sonra isə tələb olunan prosedurlar həyata keçirilməlidir. Şəxs qeydiyyat prosedurunu uğurla həyata keçirdikdən sonra universitetə qəbul imtahanında topladığı bal ekranda görünür. Bu bala uyğun olaraq, tələbənin ölkə daxilində hansı ali təhsil müəssisəsinə və hansı ixtisasa köçürülə biləcəyini əks etdirən siyahı verilir ki, şəxs rahatlıqla seçimini edə bilsin.
Tələbə ali təhsil müəssisəsində ödənişli əsaslarla təhsil alırsa, tranfer olunduğu universitetdə də ixtisas fərqi olmadan ödəniş etməlidir. Tələbə dövlət əsasında təhsil alırsa, heç bir ödəniş etmirsə, ixtisas dəyişdirilərkən ödənişsiz təhsilini davam etdirə bilər. Müəyyən güzəştlərlə təhsil alan tələbələr də qəbul olduqları ixtisası başqa ali təhsil müəssisəsində güzəştli şəkildə oxuya bilir.
Azərbaycan Təhsil İnstitutu tələbələrin yerdəyişmə səbəblərini araşdırıb
Azərbaycan Təhsil İnstitutu həyata keçirilən Tədqiqat Mentorluq Proqramı çərçivəsində ölkədəki ali təhsil müəssisələrində təhsilalanları transferə təşviq edən səbəbləri araşdırıb.
Tədqiqatın hədəf kütləsini 2017-2021-ci illərdə transfer prosesində iştirak etmiş tələbələr təşkil ediblər. 112 nəfərin iştirak etdiyi sorğu zamanı bəlli olub ki, transfer prosesinə, əsasən, ali təhsil müəssisələrinə daha aşağı balla qəbul olan tələbələr müraciət edirlər. Tələbələrin transfer prosesində iştiraketmə səbəbləri sırasında ailə-məişət (yaşadıqları ərazi ilə təhsil aldıqları ali təhsil müəssisəsinin fərqli şəhərlərdə/rayonlarda olması, ev işləri, uşaq qayğısı və s.), karyera-iş (transfer olunmaq istədikləri universitetin təhsil aldıqları universitetlə müqayisədə onların karyeralarına və iş imkanlarına daha müsbət təsir edəcəyi, iş yerləri ilə yaşadıqları ərazi arasındakı məsafənin uzaqlığı və s.) və maliyyə məsələləri ilk sıralarda yer alır. Bundan başqa, qeyd olunub ki, tələbələrin təxminən 40%-nin transferdən öncə təhsil aldıqları universitetlərdəki sosial fəaliyyətlərdən razı olmadığı ortaya çıxıb. Tələbələrin təxminən 62%-i tədris olunan fənlərin çətinliyinin başqa ali təhsil müəssisəsinə transfer olunmalarında böyük rol oynadığını qeyd edib.
Tələbələrin transferdən öncəki təhsil müəssisəsində qiymətləndirmə, idarəetmə və tədris prosesində qarşılaşdıqları ədalətsizliklər tələbələrin transfer olunmasının səbəbləri sırasnda yer almayıb.
Qeyd edək ki, Azərbaycanda ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan bakalavrların, subbakalavrların, magistrların elektron qaydada köçürülməsi 2016-cı ildən başlayıb.