BAKI, 22 yanvar — Sputnik. Rusiya Federasiyası Müsəlmanları Ruhani Məclisi təxribat xarakterli vandalizm aktını - Quranın yandırılmasını qətiyyətlə pisləyib. Qurum müsəlmanları millətlərarası ədavəti qızışdıran təxribatçıların qəflətinə düşməməyə, müdriklik göstərməyə çağırıb.
Nordic News cümə günü bildirib ki, Danimarkanın ifrat sağçı "Sərt kurs" partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması aksiyasını keçirmək üçün icazə alıb. Paludan şənbə günü bu aksiyanı həyata keçirib.
"Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Rəyasət Heyəti yanvarın 21-də İsveç paytaxtında Allahın Kəlamına münasibətdə törədilmiş vəhşilik aktını həddindən artıq pislədiyini bildirir. Bu aksiyanın təşkilatçılarının niyyətləri aydındır və dinlərarası nifrət alovlarını yandıraraq müəyyən qrupları siyasi cəhətdən səfərbər etmək cəhdini ehtiva edir. Biz din qardaşlarımızı və bütün rəğbətli xoşməramlı insanları müdriklik nümayiş etdirməyə, təxribatçıların qəflətinə düşməməyə çağırırıq", - Rusiya Müsəlmanları Ruhani İdarəsinin Telegram kanalı vasitəsilə yayımlanmış müraciətində deyilir.
Rusiya Federasiyasının Ruhani İdarəsi vandalizm aksiyasına icazə verən dövlət qulluqçularının motivasiyasından çaşqınlığını ifadə edərək, bunu "dövlətin mədəni və etik dəyərlərə nihilist münasibət bəhanəsi ilə məsuliyyətdən yayınma cəhdi" adlandırıb.
"Məmurların bu cür münasibəti siyasi fəalların addımlarından daha əvvəl qınanmalıdır. Əgər aksiyanın məqsədləri ona icazə verən məmurların əhval-ruhiyyəsi ilə üst-üstə düşürsə, onda Avropa cəmiyyətində nifrət və düşmənçiliyin yayılmasından başqa heç nə gözləmək olmaz. Metodik olaraq ictimai əxlaqa od vurmağın yanğına çevrilməsi ehtimalı var", - Ruhani İdarəsi bildirib.
Bundan əvvəl aksiya Türkiyə Xarici İşlər Nazirliyi, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi, Küveyt Xarici İşlər Nazirliyi, BƏƏ Xarici İşlər Nazirliyi və Rus Pravoslav Kilsəsi tərəfindən kəskin şəkildə pislənib.