BAKI, 22 yanvar — Sputnik. Allahverdi İsrafilov Dünya Beynəlxalq Sirk Festivalında Sirk Oskarına layiq görülən ilk azərbaycanlıdır. O, sirk aləmində məşhur olan İsrafilovlar nəslinin nümayəndəsidir.
Müsahibimiz ilk dəfə səhnəyə 1992-ci ildə, 14 yaşımda çıxıb. İlk çıxışı Sabir Səmədovun rəhbərliyi ilə "Azərbaycanın cigitləri" atçılıq akrobatika ansamblında atçılıqla başlayıb. Amma sonradan karyerasını Rusiyada davam etdirib.
Rusiyanın müxtəlif sirklərində çalışan həmsöhbətimiz 2004-cü ildə isə həyat yoldaşı (Qolovaçeva Qalina Yuriyevna-red.) ilə birlikdə çıxış etməyə başlayıb. "Hava adajiosu" adlanan nömrə ilə bir çox mükafatlara layiq görülüb.
"Sirk ustası olmaq üçün gərək insanda bu sənətə qarşı böyük sevgi olsun. Ən əsası isə, gərək insanları sevəsən. Hansı ki, onlar gəlib sənə əl çalır. Bu sənət elədir ki, burada etinasız yanaşsan, heç bir uğur əldə edə bilməzsən. Gərək ən çətin "tryuk"u edəsən ki, tamaşaçının diqqətini cəlb edə biləsən", - deyə srk ustası bildirib.
Allahverdi bəyin ailəsində də sirk ustalrı olub. Atası, əmisi Sovet dövründə bu sahədə tanınan sənətçilər olublar. Onlar istəyirdilər ki, Allahverdi bəy onların sənətini davam etdirsin. Lakin tanınmış sirk ustasının anası buna razı olmur:
"Anam sirki sənət hesab etmirdi. O istəyiridi ki, mən başqa bir sahəyə gedim. Çünki, mən idmanla məşğul olurdum. Mənim əmim tanınmış sirk ustası idi. Buna baxmayaraq maddi vəziyyəti çox ağır idi. Sadəcə fanat idi. Anam da istəmirdi ki, mən o həyatı yaşayım".
Allahverdi bəyin ən böyük arzusu ölkəmizdə sirk sənətinin inkişaf etməsidir:
"Mən əminəm ki, ölkə rəhbərinin sirkin öləmzidəki vəziyyətindən xəbərdar deyil. O bilsə ki, bizdə vəziyyət yaxşı deyil, mütləq bu sənətin inkişafına təkan verər. Necə ki, onun və Mehriban xanımın sayəsində muğam sənəti dünyada tanınır".