BAKI, 22 yanvar-Sputnik. “Bu il də Davos Dünya İqtisadi Forumunda ölkələrin dövlət və hökumət başçılarının, dünyanın nəhəng şirkətlərin rəhbərlərinin Prezident İlham Əliyevlə görüşlərində Azərbaycana böyük maraq göstərdiklərinin şahidi olduq. Prezident İlham Əliyev görüşlərdə Azərbaycanın beynəlxalq səhmdarların üzünə açıq olduğunu və biznesin inkişafı üçün ölkəmizdə onlara hər cür şərait yaradıldığını bildirib. Dünyanın ikinci ən böyük iqtisadiyatına malik Çin dövləti də Azərbaycanla iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir”.
Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva Sputnik Azərbaycan-a deyib.
O bildirib ki, Prezident İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına Azərbaycan-Çin iqtisadi əlaqələri, eləcə də Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycanın öz ərazisində böyük nəqliyyat logistika layihələrinin həyata keçirildiyi barədə müsahibə verib:
Onun sözlərinə görə, Azərbaycanla Çin Orta Dəhlizin yaradılmasında əməkdaşlıq edir və bu dəhlizin reallaşmasına öz töhfələrini verirlər.
Deputat bildirib ki, informasiya texnologiyaları sahəsini təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda fəaliyyət göstərir və enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması üçün böyük perspektivlər mövcuddur:
Onun sözlərinə görə, Azərbaycan Çinlə yaşıl enerji sahəsində də əməkdaşlıq etmək niyyətindədir:
"Bu sahədə Azərbaycanda böyük potensial var, Çin isə bu sahədə yüksək texnoloji nəaliyyətlər qazanıb. Bu gün böyük dövlətlərin liderləri Azərbaycanı özlərinə dost və tərəfdaş ölkə hesab edirlər. Siyasi liderlər vurğulayırlar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirir. Azərbaycan vətəndaşları da öz Prezidentinə inanır və İlham Əliyev də Prezident seçildiyi ilk gündən xalqına verdiyi bütün vədləri yerinə yetirib”.
“Bu gün şahid oluruq ki, elə dövlət başçıları var ki, onların ambisiyaları, yürütdükləri qeyri-səmimi və yanlış siyasətləri nəticəsində xalqları müharibələrdən, iqtisadi böhrandan əziyyət çəkirlər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, bütün dünya ölkələrinin liderlərinin də hörmət və rəğbət bəslədiyi İlham Əliyev kimi bir lideri - dövlət başçısı var”-deyə o əlavə edib.
Xatırladaq ki, yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb.