BAKI, 21 yanvar — Sputnik. Bir vaxtlar ali məktəbi qırmızı diplomla bitirənlər hər yerdə hörmətlə qarşılanır, hətta belə kadrlara işə qəbulda üstünlük verilirdi. Amma son illər isə diplomun rənginə əhəmiyyət verilmir. Hətta bu günlərdə canlı yayımda Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bildirib ki, həyat yoldaşı həm orta məktəbi, həmçinin də universiteti qırmızı diplomla bitirsə də onu işə götürməyiblər.
Məsələ ötən gün Milli Məclisin Komitə iclasında da müzakirə olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri iclasında deputat Rauf Əliyev bildirib ki, ali məktəblərin verdiyi qırmızı diplomun heç bir üstünlüyü yoxdur: "Bu gün universitetlərdə verilən qırmızı diplomlar tələbələrə nə vəd verir? Bu yaxınlarda mənə bir xanım müraciət etmişdi, o, ali məktəbi qırmızı diplomla bitirmişdi. Həmin tələbənin indi nə üstünlüyü var? Biz bu məsələni araşdırdıq, gördük ki, qırmızı və göy diplomun heç bir fərqi yoxdur. Bu da o deməkdir ki, "3" alan da, "5" alan da eyni diploma sahiblənir. Bu məsələləri işləmək lazımıdır. Elm və Təhsil Nazirliyinə müraciət edirsən, deyir, bizlik deyil. Bəs bununla kim maraqlanmalıdır? Ən azı bununla bağlı ictimai dinləmə keçirilməlidir",-deyə vurğulayıb.
Komitə sədri Hicran Hüseynova isə bildirib ki, tələbələrə verilən qırmızı diplomun həqiqiliyi yoxlanılmalıdır: "Bu gün tələbələr müraciət edir, deyir, ali məktəbi qırmızı diplomla bitirmişəm. Amma araşdıranda görürsən ki, qırımızı diplomu hansı formada alıb, bilinmir. Ona görə də tələbələrin qırmızı diplomu necə almaları yoxlanılmalıdır. Bilmək lazımdır ki, doğrudan bu tələbə qırmızı diplomludurmu?".
Sputnik Azərbaycan qırmızı diploma inamsızlığın səbəblərini araşdırıb.
Qırmızı diplom kimlərə verilir?
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qırmızı diplom almaq üçün tələbə Nazirlər Kabineti tərəfindən müəyyən edilən şərtlərə cavab verməlidir. Onun sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Ekspert bildirdi ki, qaydalara görə ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu "əla", digərləri isə "yaxşı" olduğu halda onlara fərqlənmə diplomu verilir:
"Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi qiymətləndirilir: Tələbə 51 baldan aşağı topladıqda "qeyri-kafi" - F, 51-60 bal topladıqda "qənaətbəxş" - E, 61-70 bal topladıqda "kafi" - D, 71-80 bal topladıqda "yaxşı" - C, 81-90 bal topladıqda "çox yaxşı"- B, 91-100 bal topladıqda "əla" - A alır".
Qırmızı diplomun üstünlükləri
K.Əsədovun sözlərinə görə, bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir. Ekspert bildirdi ki, ali məktəbləri fərqlənmə ilə bitirən şəxslər yüksək biliklər və peşə vərdişlərinə yiyələnmiş orta mütəxəssislər hesab olunurlar. Əmək bazarında onların üstün mövqeyi də qorunur: "Çünki hər hansı bir müəssisə yüksək qabiliyyətli , bacarıqlı insanların çalışmasına üstünlük verir. Bu mənada indiyə qədər ali məktəbi fərqlənmə ilə bitirən adamların cəmiyyətdə aldıqları bilikləri doğrultduqlarını görürəm. Onlara inam və etibar əksər hallarda özünü təsdiq edir. O cümlədən ali məktəblərin də imici qorunur".
K.Əsədov deyir ki, Azərbaycanda istər müəllimliyə, istər dövlət qulluğuna qəbul yalnız müsabiqə və müsahibə vasitəsilə həyata keçirilir. Müsahibə mərhələsində qırmızı diplomun sadəcə psixoloji üstünlüyü ola bilər: "Müəllimlərin işə qəbulundan sonra əgər bir müəllim bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitiribsə, o, fəaliyyətə 1 kateqoriya yuxarı ilə başlayır. İşə qəbul zamanı fərqlənmə diplomunun hər hansı üstünlüyü yoxdur. Hətta magistratura pilləsində təhsil alsa belə, işə qəbul zamanı yalnız seçimdə iki namizəd varsa, birini digərindən fərqləndirmək üçün bu fərqlilik hesab oluna bilər. Amma başqa heç bir üstünlüyü yoxdur".
Diplomun rəngi fərqli olsa da, işə qəbulda fərq qoyulmur
Ekspertin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində diplomlar bala görə müəyyən olunur. K. Əsədov bildirir ki, 100 ballıq şkala verilir və nəticə 80 faizdən yuxarı olduqdan sonra diplom əldə edilir: "Amma bizdə "3" alana da, "5" alana da diplom verilir. Xaricdə belə yanaşma yoxdur. Yalnız keçmiş sovet ölkələrində bu ənənə var. Tutaq ki, birinin bütün qiymətləri "4" və "5"dir, o da göy diplom alır, "3" və "4" alanlar da göy diplom alır. Bu, düzgün deyil. Dünya təcrübəsində standart diplomlar var. Həmin diplomlar şəxsin təhsilinin yetərliliyi nəzərə alınmaqla verilir. Diplomlarda tələbinin neçə balla universiteti bitirdiyi göstərilir. Bu bal da işə qəbul, müsahibələr zamanı nəzərə alınır. Amma Azərbaycanda diplomun içərisinə baxmırlar. Nəticə olaraq qırmızı diplomun heç bir özəlliyi yoxdur".
K.Əsədov onu da qeyd etdi ki, əvvəllər qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, "qırmızı diplom" digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün "qırmızı diplom" əmək bazarında heç bir üstünlük təmin etmir:
"Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də "qırmızı diplom" verilir. Hesab edirəm ki, diplomun rənginin xüsusi bir önəmi yoxudur. Vacib amil tələbənin həmin diplom üzrə göstəricilərinin yüksək olmasıdır. Təhsil özü bütün tələbələrdə müasir dövrün bacarıq və qabiliyyətini formalaşdırmalı olan prosesdir. Amma biz görürük ki, hətta fərqlənmə diplomu ilə bitirənlərdə zəruri bacarıqlar yoxdur. Bu da onu deməyə əsas verir ki, diplom qiymətlərinin yazılmasında neqativ hallara yol verilib. Bəzi ali təhsil müəssisələri maddi maraq qarşılığında yüksək qiymətlər yazırlar".
"Əmək bazarında özlərini doğrulda bilmirlər"
Həmsöhbətimiz deyir ki, Azərbaycanda ali məktəbləri başa vuranların ali məktəbdə aldığı qiymətlər əksər hallarda onların real biliyini əks etdirmir. Onlar işə qəbul olduqdan sonra əmək bazarının tələblərinə cavab vermirlər. Bu da onu göstərir ki, bəzi tələbələr əzbərçiliyə meyillənərək müəyyən bal toplayıb ali məktəbə qəbul olsalar da, əmək bazarında mütəxəssis kimi özlərini doğrulda bilmirlər.
Qırmızı diplomlulara fərq qoyulmalıdır!
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali məktəbi fərqlənmə diplomu ilə bitirənlərə fərq qoyulmalıdır. K. Əliyeva deyir ki, sovet dövründə qırmızı diplomlu şəxslərə təyinatda üstünlük verilirdi. Təyinatla olan yerlər ilk növbədə onlara təklif edilirdi. Onlar seçdikdən sonra digər mütəxəssislər təyinatlardan yararlanırdılar. Sovet dövründən sonra təyinatla işə qəbul ləğv edildi. Bundan sonra diplomun rəngi də öz əhəmiyyətini itirdi. Amma deputat bunu düzgün hesab etmədiyini söyləyib. Bildirib ki, qırmızı diplomu olanlara işə qəbulda, eləcə də magistraturaya qəbulda hər hansı güzəştlər tətbiq edilməlidir.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil üzrə ekspert İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəllər təyinat zamanı qırmızı diplomu olanlara fərq qoyulurdu. Hətta ali məktəbi qırmızı diplomla bitirənlərə azad təyinat verilirdi. Ali məktəbi qırmızı diplomla bitirən həmsöhbətimiz bildirib ki, ona da həmin dövrdə işə qəbul zamanı müəyyən güzəştlər edilib. Müstəsna hal kimi təyinatını birbaşa Milli Elmlər Akademiyasına alıb. O, bildirdi ki, hətta o vaxt aspiranturaya qəbulda ayrılan plan yerlərində də qırmızı diplomlulara üstünlük verilib: "Bu da tələbələri təhsil aldığı müddətdə daha yaxşı oxumağa həvəsləndirirdi. İndi təyinat məsələsi aradan qaldırıldığı üçün hər hansı güzəşt yoxdur".
İ. Orucov deyir ki, hazırda əmək bazarında şərtlər dəyişib. İndi daha çox davamlı təhsilə üstünlük verilir. Onun sözlərinə görə, bu əmək bazarının tələbidir: "Bazar iqtisadiyyatı dövründə bir diplomla ömür boyu kifayətlənmək dövrü arxada qalıb. Hətta qırmızı diplomlu şəxs belə davamlı təhsil almalı, yenilikləri öyrənməlidir. Ona görə də məktəbi hansı rəngdə diplomla bitirməyə fərq qoyulmur. Yetər ki, mütəxəssis əmək bazarında daim baş verən yenilikləri öyrənsin, özünü təkmilləşdirsin".