BAKI, 19 yanvar — Sputnik. Avropa iqtisadiyyatı Ukraynadakı münaqişənin birbaşa və dolayı təsirlərindən dərin təsirlənir və "görünməmiş böhran" yaşayır.
Fransa Prezidenti Emmanuel Makron cümə axşamı İspaniyaya səfəri öncəsi "Pais" nəşrinə bu barədə danışıb.
"Mən inanıram ki, görünməmiş bir böhran içindəyik, çünki müharibə bizim qitəmizə geri dönüb. Bizim iqtisadi modelimiz bu müharibənin birbaşa və dolayı təsirlərindən dərindən təsirlənib". – deyən Makron qeyd edib ki, ABŞ və Çin adlı iki qütb ətrafında qurulan dünya iqtisadiyyatında Aİ öz yerini müəyyənləşdirməlidir.
"Cavab iqtisadi, texnoloji və hərbi cəhətdən suveren Avropada, yəni həqiqətən qüdrətli Avropadadır", - deyə o, qeyd edib.
Fransa prezidenti, həmçinin, qeyd edib ki, Avropa və ABŞ demokratiya və kapitalizm böhranı yaşayırlar.
"Bizim demokratiyalar böhrandan - cəmiyyətimizin modelinin strukturu ilə bağlı böhrandan keçir. Və bu, təkcə Avropa üçün xarakterik deyil. ABŞ-a baxın: bizim bütün demokratiyalar müəyyən yorğunluq, kollektiv meyarların itirilməsi ilə xarakterizə olunur. Bu, dünya kapitalist sisteminin böhranıdır", - deyə Makron bildirib.
Onun fikrincə, bu böhran sinfi uçurumu dərinləşdirir və Avropa cəmiyyətlərində getdikcə daha qabarıq iqtisadi və sosial bərabərsizliklərin yaranmasına kömək edir.