MƏDƏNİYYƏT

Xalq artistinin iş otağı ziyarət məkanına çevrilib - FOTO

Kinorejissor, Xalq artisti, Dövlət Mükafatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı Eldar Quliyevin iş otağı sənətkarın doğum günü münasibətilə geniş ictimaiyyətin ziyarəti üçün açılıb.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Artıq bir müddətdir ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir. "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, bu dəfə kinorejissor, Xalq artisti, Dövlət Mükafatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı Eldar Quliyevin iş otağı sənətkarın doğum günü münasibətilə geniş ictimaiyyətin ziyarət məkanına çevrilib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, kinostudiyada çalışmış kino xadimlərinin iş otaqlarının bərpa edilərək yaradıcılıq otaqlarına çevrilməsi və xatirələrinin yaşadılması ənənəsi çərçivəsində indiyə qədər Rasim Ocaqov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli və digər sənətkarların vaxtilə çalışdıqları iş otaqları əşyaları ilə birlikdə mühafizə olunaraq yaradıcılıq otağına çevrilib.
Eldar Quliyev kimidir?
Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino şöbəsinin professoru, Kinematoqrafçılar İttifaqının katibi, "Şərəf" və "Şöhrət" ordenlərinin sahibi, rejissor Eldar Quliyev 1941-ci il yanvar ayının 18-də Bakıda anadan olub. 1960-1966-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsində Sergey Gerasimovun kursunda oxuyub. Məzun olduqdan sonra "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayıb.
1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü rejissor kimi təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. 1979-cu ildə "Babək" filmini çəkib ki, həmin ekran əsəri də peşəkarlıq səviyyəsinə, kütləvi və döyüş səhnələrinin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli işlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınmışdı. Bunlarla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə də quruluş verib.
Eldar Quliyev, həmçinin bir neçə filmin ssenari müəllifi də olub. Çəkdiyi filmlər dəfələrlə kinofestivallarda mükafatlara layiq görülüb.
Eldar Quliyev uzun sürən xəstəlikdən sonra 2021-ci ilin aprel ayının 16-ı dünyasını dəyişib.