SƏHİYYƏ

Qripin müalicəsində antibiotikdən istifadə etmək tövsiyə olunmur

V.Əliyev risk qrupunda olan vətəndaşları bir daha diqqətli olmağa və vaksinasiyadan keçməyə səsləyib.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Qrip və ya digər respirator xəstəliklərin müalicəsində antibiotiklər, onlarla birgə flukonazol istifadə etmək, steroid və gərəksiz dərman preparatlarını qəbul etmək tövsiyə olunmur. Sadəcə bol maye qəbulu, sağlam qidalanma, aktiv həyat tərzi, çox yüksək hərarət varsa, qızdırmasalıcı dərmanlardan istifadə məsləhət görülür. Üç gün ərzində şikayətlərdə azalma olmursa, mütləq həkimə müraciət etmək lazımdır. Bundan sonrakı mərhələ həkim nəzarəti altında olmalıdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionisti Vasif Əliyev nazirliyin "Instagram"* səhifəsində "Qrip və respirator viruslar" mövzusunda canlı yayım zamanı deyib.
V.Əliyev risk qrupunda olan vətəndaşları bir daha diqqətli olmağa və vaksinasiyadan keçməyə səsləyib:

"Risk qrupuna aid olanlara xroniki xəstəliklərdən əziyyət çəkənlər - ürək-damar xəstəliyi, xroniki böyrək, qaraciyər, ağciyər xəstəlikləri olanlar, revmatoloji xəstəliklər səbəbindən daimi olaraq steroid və immunsupressiv dərman istifadə edənlər, onkoloji xəstəliyi olanlar və kimyaterapiya alanlar, orqan transplantasiyası keçirənlər, eyni zamanda, 6 aydan 5 yaşadək olan uşaqlar, yaşı 50-dən yuxarı olanlar və hamilə qadınlar daxildir. Həmin qəbildən olan vətəndaşların respirator xəstəlikləri daha ağır formada keçirmə təhlükəsi olduğu üçün mütləq peyvənd vurdurmaları tövsiyə olunur".

O bildirib ki, qripdən sonra daha çox müşahidə edilən ağırlaşmalar bakterial infeksiyalardır ki, bunlara sinusit, otit, yəni orta qulaq iltihabı, bakterial pnevmoniya aiddir:
"Belə olacağı təqdirdə vaxtında müdaxilə olunmazsa, xəstəlik daha da ağırlaşa, ciddi bakterial sepsisə, meningitə səbəb ola bilər. Odur ki, xəstələr vaxtında həkimə müraciət etməli, ehtiyac yaranarsa, laborator və fiziki müayinə nəticələrinə görə əlavə müalicə təyin olunmalıdır".
V.Əliyevin sözlərinə görə, dünya protokolunda belə bir qeyd var ki, risk qrupunda olan şəxslərin ikincili bakterial infeksion təhlükəsi də olduğuna görə, onlara influenza virusuna qarşı peyvənd olunmaqla yanaşı, əlavə pnevmokok vaksini də vurula bilər. Bu, bakterial pnevmoniyanın qarşısını almaq məqsədi daşıyır.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.