BAKI, 18 yanvar — Sputnik. Hindistan bu il ərzində əhalinin sayına görə Çini ötə bilər.
Bu barədə "World Population Review" statistika təşkilatının dərc olunan tədqiqatında deyilir.
Təşkilatın real vaxt rejimində təqdim etdiyi məlumata görə, hazırda Hindistanın əhalisi 1 milyard 422 milyon 706 min 266 nəfər, Çinin əhalisi isə 1 milyard 425 milyon 831 min 275 nəfərdir.
Ekspertlərin fikrincə, Hindistan 2023-cü ildə əhali sayına görə Çini keçəcək. Hesablamalara əsasən, 2023-cü ildə Çində əhalinin illik artım tempi mənfi 0,1 faizdən mənfi 0,3 faizə qədər azala, Hindistan əhalisinin artım tempi isə müsbət 0,69 faizdən müsbət 0,92 faizə qədər yüksələ bilər.
Araşdırmada, həmçinin Hindistanda əhalinin sayının 2060-cı ildə 1,7 milyarda yüksələcəyi, Çin əhalisinin sayının isə 1,2 milyarda qədər azalacağı proqnozlaşdırılır.
Xatırladaq ki, ötən ilin sonlarında dünya əhalisinin 8 milyard nəfər olduğu açıqlanıb. Bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) rəsmi internet səhifəsi məlumat yayıb.
UNFPA-nın 15 noyabr üçün verdiyi məlumata görə, dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb.
UNFPA tərəfindən dərc edilmiş hesabata əsasən, ehtimal olunur ki, 2030-cu ildə dünya əhalisi 8.5 milyarda, 2050-ci ildə 9.7 milyarda, 2100-cü ildə isə 10.4 milyard nəfərə çatacaq.
Bütün dünyada əhalinin artım tempinin ləngiməsi fonunda 2100-cü ilə kimi artım davam edəcək.