BAKI, 18 yanvar — Sputnik. Yanvarın 19-da rejissor İlqar Nəcəfin çəkdiyi "Suğra və oğulları" filmi "CinemaPlus" kinoteatrlar şəbəkəsində tamaşaçıların ixtiyarına veriləcək. "CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, biletin qiyməti 5-9 anz təşkil edir.
Bakı Media Mərkəzi və "Buta Film" şirkətlərinin birgə istehsalı olan filmdə İkinci Dünya müharibəsi dövrü Azərbaycanda – arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur.
Qeyd edək ki, filmin çəkilişləri 2019-cu ilin noyabr-dekabr aylarında Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Filmin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb.
Filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşcu operatoru Avropa kinoakademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).
Maraqlı sujet xətti olan filmdə Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir . Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra, o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.
Rejissor onu da qeyd edib ki, filmdə söhbət, təxminən, 85 illik keçmişdən gedir və bu dövrə aid dekorasiyalar, rekvizitlər, geyimlər, konkret detallar deməkdir:
"Filmin büdcəsi az olduğundan bütün bunları təşkil etmək çətin idi. Filmi ağ-qara çəkmək fikrinin yaranma səbəbi də bundan irəli gəldi. Düşündük ki, o dövrü doğru təsvir etmək baxımından bu forma bizə yardım edəcək. Bir də, təbii ki, operatorumuz Ayhan Salara güvəndik. Biz rejissor və operator olaraq bir-birimizi çox yaxşı başa düşürük, hekayəni duymaq, təsvir həllini müəyyənləşdirmək baxımından aramızda çox gözəl daxili uzlaşma yaranıb, onunla işləmək çox rahatdır. Beləcə, bütün sadaladıqlarım, zaman olaraq, 1941-1945-ci illərə köklənmək fikrini gücləndirdi. Yəni, material özü bizi müharibə illərinə apardı".
Xatırladaq ki, filmdə Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar.
Son söz əvəzi: Film Hindistanda keçirilən Kerala Beynəlxalq Kino Festivalında, Almaniyanın Nürnberq şəhərində keçirilən Türkiyə-Almaniya Film Festivalının "Kinematoqrafiya Dünyaları" bölməsində, XIV Asiya və Sakit okean Hövzəsi ölkələri Ekran mükafatlarının "Ən yaxşı ssenari" mükafatına nominant olub, Los-Ancelesdə keçirilən Cənub-Şərqi Avropa Ölkələri Film Festivalında isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüb.