CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlar dini cərəyanlara necə cəlb edilirlər? Deputatdan şok açıqlama

Ceyhun Məmmədov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həmçinin də hüquq mühafizə orqanları tərəfindən bu prosesə nəzarət gücləndirilməlidir.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Bakıda bir qrup valideyn uşaqlarını qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 13-də Buzovna qəsəbəsində bir qrup şəxsin yetkinlik yaşına çatmayan övladlarını dini ayinlərin icrasına cəlb etmələri barədə ərazi polis orqanına məlumat daxil olub. Hazırda araşdırma aparılır. Bildirilib ki, azyaşlıları qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edən həmin şəxslər barəsində qanunauyğun tədbirlər görüləcək.
Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunda yetkinlik yaşına çatmayanların dini ayinlərə cəlb edilməsi qadağan olunsa da, bu qanunsuzluqlara yol verilir. Onun sözlərinə görə, Azərbaycanda ayrı-ayrı mənzillərdə, eləcə də ibadət evlərində dini təbliğat aparılır. Deputat bildirdi ki, bu prosesə ciddi nəzarət yoxdur. O qeyd edib ki, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həmçinin də hüquq mühafizə orqanları tərəfindən bu prosesə nəzarət gücləndirilməlidir".
C.Məmmədovun sözlərinə görə bu, yalnız müsəlman icmalarına aid deyil. Qeyri-müsəlman icmalarında da bu cür təbliğat aparılır. Deputat məscidlərdə və digər yerlərdə dini kursların təşkilinə nəzarət edilməli olduğunu söyləyib. O bildirib ki, bu təlimləri istənilən insan yerinə yetirə bilməz:
"Dini kursların təşkil olunması nəzərdə tutulursa, bu razılaşdırılımalıdır. Bu qanunda var ki, Azərbaycanda müsəlman və qeyri-müsəlman icmalarında belə dini ayinlərin aparılmasına dair məlumatlar var. Ona görə də ölkəmizdə bütün məscidlərin fəaliyyətinə nəzarət gücləndirilməlidir".
Millət vəkili onu da vurğulayıb ki, bu cür kurslardan zərərli ideologiyaları yayan dini cərəyanlar istifadə edilər. Bu isə zaman-zaman müşahidə olunan radikallığın artmasına gətirib çıxarır.
C.Məmmədov bildirib ki, uşaqların bu cür dini ayinlərə valideynləri tərəfindən cəlb olunması halları var. Onun sözlərinə görə, adətən belə təbliğata uşaqların cəlb edilməsi valideynlərin iştirakı və razılığı ilə baş tutur.
Həmsöhbətimiz deyib ki, valideyn hansısa dini cərəyana qoşulur, öz övladını da bu prosesə cəlb edir. Bəzən isə valideynlərin dindən bilgisi olmaması səbəbindən valideynlər öz övladının dinin onun tərbiyəsinə müsbət təsiri baxımından bu cür ayinlərdə iştirakına razılıq verirlər.
Qeyd edək ki, Cinayət Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanların dini təbliğata cəlb olunması cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət Məcəlləsinin 167-ci maddəsində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə bunu edən şəxslər yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.