BAKI, 17 yanvar — Sputnik. Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin hansı şərtlərdə güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu açıqlayıb.
DƏMX-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu, Əmək Məcəlləsinin 21-ci maddəsi ilə tənzimlənir.
Məcəlləyə əsasən, mütəxəssislər aşağıdakı güzəştləri əldə edirlər:
- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda;
- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə;
- Mütəxəssislər işğaldan azad edilmiş ərazilərdə məskunlaşdıqda.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərimiz üzrə iş vakansiyaları elan olunub. Hazırda məşğulluq alt sistemindəki vakansiya bankında işğaldan azad olunan Şuşa, Laçın, Zəngilan, Cəbrayıl əraziləri üzrə aktiv vakansiya və iş imkanları mövcuddur. Cəbrayıl rayonunda poçtalyon işi üçün 250 manat, poçt üzrə əməliyyatçı üçün 255 manat, kargüzar üçün 260 manat, dərzi və dizayner üçün 500 manat, Laçın rayonunda yük avtomobili sürücüsü üçün 350 manat, ekskovator operatoru üçün 650 manat, Şuşada fəhlə üçün 350, usta işi üçün 300 manat, Zəngilanda topoqraf köməkçisi üçün 350 manat, anbardar və gözətçi-mühafizə işi üçün 420 manat, anbardar-təchizatçı üçün 450 manat, baş gözətçi-mühafizəçi üçün 500 manat, elektrik mühəndisi üçün 650 manat, sahə rəisi üçün 1700 manat əmək haqqı nəzərdə tutulub. İnternetə çıxışı olmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.