BAKI, 17 yanvar — Sputnik. "Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı bildiririk ki, hazırda məktəblinin səhhəti stabildir. Həkimlərin rəyinə görə, hazırda məktəblinin vəziyyəti ilə bağlı narahatlıq yoxdur".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, dünən axşam Elm və Təhsil Nazirliyinin dəstəyi və valideylərinin razılığı ilə məktəbli Masallı rayon Mərkəzi Xəstəxanasından Masallı Bioloji Təbabət Klinikasına köçürülüb: "Bu gün səhər Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəblinin vəziyyəti öyrənilmiş və məktəblinin hazırda özünü yaxşı hiss etdiyi, səhhəti ilə bağlı problem olmadığı bildirilib. Hazırda məktəbli həmin klinikada həkim nəzarətindədir".
Xatırladaq ki, yanvarın 16-da saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi M.F. qızı məktəbin 3-cü mərtəbəsindən yıxılması nəticəsində xəsarət alıb.