RUSİYA

Kreml: Tanklar və digər Qərb silahları ilə təchizat Ukraynadakı vəziyyəti dəyişməyəcək

Peskov deyib ki, Qərb bütün bu hadisələri uzadaraq Ukrayna dövlətinə daha çox bəla gətirməyə qadirdirlər.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Britaniyadan mümkün tankların göndərilməsi və digər xarici silahlarla təchiz edilməsi Ukraynadakı vəziyyəti dəyişməyəcək. Ukraynada yaşayan insanların taleyi Qərbi maraqlandırmır.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisi bildirib ki, Böyük Britaniya yaxın həftələrdə Ukraynaya 14 ədəd "Challenger 2" tankı təhvil verəcək. Yaxın günlərdə isə Ukrayna hərbçilərinin onlardan istifadə etmək üçün təliminə başlanılacaq.
"Onlar vəziyyəti yerində dəyişmək iqtidarında deyillər, bunu başa düşməlidirlər. Onlar bütün bu hadisələri uzadaraq Ukrayna dövlətinə daha çox bəla gətirməyə qadirdirlər. Yeri gəlmişkən, onların heç olmasa, hər hansı bir şəkildə Ukraynada yaşayan insanların taleyi, gələcəyi ilə maraqlandıqlarına şübhə edirik", - deyə Peskov jurnalistlərin bunun Kremldə necə qiymətləndirildiyi və qəbul edildiyi ilə bağlı sualını cavablandırarkən deyib.
O vurğulayıb ki, Rusiya silah tədarükünə mənfi münasibət bəsləyir və öz münasibətini gizlətmir, Böyük Britaniya, Polşa və digər Avropa ölkələri isə hazırda " Ukrayna üçün yeni, daha qabaqcıl hərbi texnoloji təchizatın yeni mərhələsini qurmaq istəyindən danışırlar".
"Onlar ölkədən, sadəcə olaraq, anti-Rusiya məqsədlərinə çatmaq üçün alət kimi istifadə edirlər. Bunu heç nə dəyişə bilməz", - deyə sözçü əlavə edib.