TƏHSİL

222 nəfərə fəlsəfə doktoru adı verilməsindən imtina edilib

Ali Attestasiya Komissiyasından bildirilib ki, 84 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Ötən il 432 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 222 nəfərə bu dərəcənin verilməsindən imtina edilib.
Ali Attestasiya Komissiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, 84 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 24 nəfərə bu dərəcənin verilməsindən imtina olunub. 200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. 29 nəfərə dosent, 7 nəfərə isə professor elmi adının verilməsindən imtina olunub. Nostrifikasiya və təkrar attestasiyaya gəlincə, 27 nəfərə fəlsəfə doktoru, 2 nəfərə elmlər doktoru, 1 nəfərə dosent elmi dərəcəsi verilib. 7 nəfərə dəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru dərəcəsi verilməsindən imtina olunub.
Xatırladaq ki, bu ildən doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarında dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada həyata keçiriləcək.