BAKI, 17 yanvar — Sputnik. Metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək.
Sputnik Azərbaycan baku.ws-ə istinadən bildirir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqladığı Bakı şəhərinin Baş Planında öz əksini tapıb.
Belə ki, qarşıdakı illərdə "28 May" stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.
2027-ci ilədək "28 May" - "Cəfər Cabbarlı" keçid stansiyasında yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.
2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur.