BAKI, 16 yanvar — Sputnik. Respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixinə nəzərdə tutulub.
Bu barəd Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
Qeyd edək ki, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.
Son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.