MƏDƏNİYYƏT

"Wikipedia"da özbək dilində Natəvan haqqında bölmə istifadəyə verilib

Azərbaycan Mədəniyyət Mərkəzinin "Wikipediya" heyəti tərəfindən yaradılmış bölmədə şairənin həyatı və yaradıcılığı, Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr, ictimai fəaliyyəti və s. məlumatlar yer alıb.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XIX əsr Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan haqqında "Wikipedia" Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində "Xurshidbonu Notavon" adlı bölmə istifadəyə verilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin "Wikipedia" heyəti tərəfindən yaradılmış bölmədə şairənin həyatı və yaradıcılığı, Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr, ictimai fəaliyyəti və s. məlumatlar yer alıb.
Burada qeyd olunur ki, Qarabağ xanlığının sonuncu varisi Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci il avqustun 6-da Şuşada anadan olub və Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib.
Bölmədə Xurşidbanu Natəvan parlaq istedada, qabaqcıl ideallara malik, habelə Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş bir şəxsiyyət kimi təqdim edilib.
Xurşidbanu Natəvan haqqında səhifə ümumilikdə 12 bölmədən ibarətdir və hər bir bölmədə müvafiq olaraq şairənin həyatı, yaradıcılığı, ailə şəcərəsi, əsərləri, ictimai fəaliyyəti və s. məlumatlar verilib. Misal üçün, səhifənin "Meros" (İrsi) adlı bölməsində şairənin adına küçə, klub, kitabxana, məktəb yaradılması, Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılması əks olunub. Qeyd olunur ki, Xurşidbanu Natəvanın Bakı şəhərində heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi, Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində abidəsi qoyulub.
Səhifədə 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilib.
Səhifədə Şuşada dövrün ədəbi mühiti və şairə Xurşidbanu Natəvanın burada yaratdığı "Məclisi-üns" (dostluq, ülfət məclisi) haqqında geniş materiallar öz əksini tapıb. Burada məlumat verilir ki, XIX əsrdə bölgələrdə poetik məclislərin yaranması geniş vüsət alıb. Bakı, Naxçıvan, Şamaxı, Lənkəran, Qubada, Gəncədə poetik məclislər yaranır və məclislərdə dövrünün tanınmış şairləri, ziyalıları bir araya gəlirdilər. Şuşada isə iki belə bir məclis yaranıb ki, onlardan biri "Məclisi-üns", digəri isə Mir Möhsün Nəvvabın yaratmış olduğu "Məclisi-fəramuşan"dır. Hər iki poetik məclis də eyni dövrdə qala-şəhərdə fəaliyyətini davam etdirib.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi çərçivəsində ilk dəfə olaraq 2022-ci ildə "Məclisi-fəramuşan" poeziya məclisi bərpa olunub, Azərbaycanın və Özbəkistanın şairlərinin iştirakı ilə Şuşada görüşlər, onlayn poeziya tədbirləri keçirilib.
Bölmədə Xurşidbanu Natəvanın şeirləri, haqqında çap olunmuş kitabların siyahısı da öz əksini tapıb. Burada məlumat verilir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xurşidbanu Natəvanın şeirləri özbək dilinə tərcümə olunaraq nəşr edilib.
"Wikipedia" Elektron Ensiklopediyasında Xurşidbanu Natəvan haqqında özbək dilində məlumatlarla https://uz.wikipedia.org/wiki/Xurshidbonu_Notavon linki vasitəsilə tanış olmaq mümkündür.