CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis vətəndaşları qeydiyyatdan çıxarır, Prezidentin fərmanı isə havadan asılı qalıb

Deputat bildirib ki, neft buruqlarının, kommunikasiya xətlərinin mühafizə zolağına düşməyən sənədsiz evlərə sənəd verilməlidir ki, həmin insanlar öz evlərinə qeydiyyata düşə bilsinlər.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Bakıda polisin inzibati binalarında qeydiyyatda olan vətəndaşların qeydiyyatı ləğv olunur. Bu barədə Sputnik Azərbaycan-a vətəndaşlar məlumat verib. Vətəndaş Solmaz Abdullayeva bildirib ki, 2019-cu ildə Mərdəkan qəsəbəsində yerləşən Xəzər rayonu 1-ci Polis Şöbəsində qeydiyyata düşüb. İki həftədir ki, polis onun qeydiyyatını ləğv edib. İndi heç yerdə qeydiyyatı olmayan vətəndaş deyir ki, hər hansı problemi yarandıqda hansı qurumun qapısını döyəcəyini bilmir. Çünki, hansı dövlət qurumuna gedirsə, ona deyilir ki, harada rəsmi qeydiyyatdadırsa həmin rayonun ərazisindəki dövlət qurumuna yaxınlaşsın. O isə Bakının Xəzər rayonu, Qala qəsəbəsində yaşasa da daimi heç bir yerdə qeydiyyatda deyil:
"Mən Qala qəsəbəsində yaşayıram. Amma evimin heç bir sənədi yoxdur. Yalnız üzərində ev tikdiyim torpağın bələdiyyə sənədi var. O sənədlə isə heç bir qurum məni qeydiyyata almır. Sabah başıma bir iş gəlsə, haradan arayış alacağımı da bilmirəm. Hansı dövlət qurumunun qapısını döysəm, mənə deyirlər daimi qeydiyyatda olduğun ünvan üzrə müraciət et. Elə bir ünvan isə yoxdur".
Vətəndaş bildirir ki, bu təkcə onun problemi deyil. Bakıda minlərlə insan var ki, evi var, amma evinin sənədi yoxdur. Onların çoxu indiyədək polis idarələrinin inzibati binasında qeydiyyata düşüblər. Daxili İşlər Nazirinin müvafiq əmrindən sonra belə vətəndaşlar polisdən qeydiyyatdan çıxarılır, evlərinin sənədi olmadığından heç bir yerə qeydiyyata düşə bilmirlər.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, vətəndaşlarla bağlı hüquqi və digər prosedurların həyata keçirilməsində çətinliklərin yaranmaması üçün polisin inzibati binasında müvəqqəti qeydiyyatda olan vətəndaşlar istisnasız olaraq qeydiyyatdan çıxarılırlar:
"Qeyd edək ki, "yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna əsasən şəxs bir neçə formada qeydiyyata alına bilər. Həmin şəxslər mənzili olanlar evin rəsmi sənədləri əsasında (çıxarış) və ya mənzili olan qohumların evində qeydiyyata düşməklə qeydiyyat problemlərini həll edə bilərlər".
Bakıda qeydiyyatsız yaşayanlar cərimələnəcək?
Polisin inzibati binasında qeydiyyatda olanların qeydiyyatdan çıxardılması ilə yanaşı, sosial platformada Bakıda qeydiyyatsız yaşayanların cərimələnəcəyi barədə də məlumat yayılıb. DİN-dən bununla bağlı sorğumuza belə cavab verilib:
"Yaşayış yerindən kənarda 60 gün müddətində yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə olunur".
Deputat Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtda faktiki yaşayan minlərlə insan var ki, onlar evlərinin sənədi olmadığından daimi qeydiyyata düşə bilmirlər. Millət vəkilinin sözlərinə görə, neft buruqlarının, kommunikasiya xətlərinin mühafizə zolağına düşməyən sənədsiz evlərə sənəd verilməlidir ki, həmin insanlar öz evlərinə qeydiyyata düşə bilsinlər:
"Burada söhbət 500 mindən çox vətəndaşdan gedir. Dövlət siyasətində yaranan boşluqlar nəticəsində onlar rayonlarda iş yerləri olmadığından Bakıya köçüblər. Onların çoxu artıq illərdir ki, Bakıda yaşayır. Amma evlərinə sənəd ala bilmədiklərindən daimi qeydiyyata düşə bilmirlər. Bu problem həll olunmalıdır. Onlar yaşadıqları ünvanda qeydiyyata alınmalıdırlar. Qeydiyyat mülkiyyət sahibi olmaq demək deyil. Bu yolla vətəndaşlara kömək edilməlidir".
Sputnik Azərbaycan-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın iki aya vətəndaşların qeydiyyatı ilə bağlı yenilik gözlənilir. Dövlət qurumlarından qeydiyyat üçün müraciət edən vətəndaşlara bildirilir ki, yaxın iki aya müvafiq qurumlara vətəndaşları qeydiyyata götürməklə bağlı səlahiyyət veriləcək.
Qeyd edək ki, Bakıda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı ölkə rəhbərinin tapşırığından 10 il keçir. 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. 2015-ci il yanvarın 13-də isə sənədsiz evlərlə bağlı problemin həllinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə fərman imzalanıb.