MƏDƏNİYYƏT

Nazirlik layla, nazlama və oxşamaların itməməsi üçün addımlar atmalıdır - Folklorşünas

Mütəxəssis hesab edir ki, laylalar təbliğ olunsa, sosial platformalarda tez-tez paylaşılsa, onlar gənc anaların da yaddaşına həkk oluna bilər.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Laylalar qədimliyi, sadəliyi ilə yanaşı, həm də Azərbaycan xalqının ruhunun daşıyıcısıdır. Bu baxımdan da Azərbaycan xalqı laylalara xüsusi diqqət yetirib. Laylalar, oxşamalar və nazlamalar vasitəsi ilə nənələr, analar öz övladlarına olan arzularını, xeyir-daularını çatdırıblar. Amma müasir dövrümüzdə şifahi xalq ədəbiyyatımızın bu nümunələri getdikcə unudulmaq üzrədir.
Bəhmən Faziloğlu
Folklorşünas Bəhmən Faziloğlu bildirir ki, layla oxunan zaman övlad sanki ananın ruhunu hiss edir:

"Laylalar yeganə şifahi xalq ədəbiyyatı nümunəsidir ki, onlara toxunulmayıb. Əgər biz laylaları bilən körpə baxıcısını müəyyən etmək üçün imtahan keçirsək, məlum olar ki, 100 nəfərdən 99-u onları bilmir".

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi, qeyri-hökumət təşkilatları şifahi xalq ədəbiyyatının bu nümunəsinin itib-batmaması üçün konkret addımlar atmalıdırlar:
"Məsələn, dahi bəstəkarımız Fikrət Əmirovun "Sevil" operasında əsərin baş qəhrəmanı Sevil öz balasına laylay deyir. Bu mahnını dinlədikcə insanın gözü önünə keçən əsrin əvvəllərində körpəsi üçün laylay deyən Azərbaycan qadınının ümumiləşmiş obrazı gəlir. Həyat yoldaşı Balaşın əsarəti altında yaşayan Sevil öz balası Gündüzün beşiyi başındadır. Körpə ana laylasının gözəl təranələri altında mışıl-mışıl yatır. Bunun özü də bir təbliğatdır".
Laylaların unudulmaması üçün hansı addımlar atılmalıdır?
Folklorşünasın sözlərinə görə, laylalar alimlər və folklorşünaslar tərəfindən geniş araşdırılıb:
"Saysız- hesabsız laylalarımız var. Yəni, laylalarla bağlı geniş tədqiqatlar, araşdırmalar var. Folklorşünaslarımız vaxtilə oba-oba, kəndbəkənd gəzib analarımızın, nənələrimizin dillərində olan laylaları toplayıblar. Onlar ömürlərini buna sərf ediblər".
Mütəxəssis bildirib ki, toplanılan işlər təbliği olmalıdır, gərək yeni çəkilən filmlərdə laylalardan istifadə olunsun:

"Yaxşı olar ki, musiqiçilərimiz laylaları ifa edib sosial platformalarda yaysınlar. Layla oxumağa tənbəllik edən analar sosial platforma vasitəsi ilə körpələrinə laylaları dinlətsinlər. Sosial platformalarda tez-tez paylaşılsa, onlar istər-istəməz gənc anaların da yaddaşına həkk olunacaq. Mədəniyyət Nazirliyi də laylaların, nazlamaların, oxşamaların itməməsi üçün konkret addımlar atmalıdır".

Bəs, Mədəniyyət Nazirliyi şifahi xalq ədəbiyyatının ən qədim növləri ilə bağlı hansısa addımı atırmı?
Mədəniyyət Nazirliyinin bildirdiyinə görə, xalq yaradıcılığının, qeyri-maddi mədəni irsimizin dəstəklənməsi, inkişafı məqsədilə dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsi, proqram xarakterli konseptual sənədlərin qəbul olunması bu sahənin inkişafına daim öz töhfəsini verib.
Müxtəlif folklor nümunələrinin (bura laylalar da daxildir) aşkarlanması, qorunması və təbliği məqsədilə ekspedisiyaların təşkili bu il üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib.