BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda ötən il boşanmaların sayı 10% azalıb. Bu rəqəm Ədliyyə Nazirliyinin kollegiya iclasında açıqlanıb. Belə ki, açıqlanan rəqəmlərə görə, ötən il nikahların sayı 60 mini keçib, boşanmaların sayı 10% aşağı düşüb.
Maraqlıdır, bu müsbət tendensiya nəyin nəticəsidir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, öncəki illərlə müqayisədə son illər pandemiyanın təsiri ilə nikah sayında da fərq görünür:
"Stabil nikah sayının olmaması boşanmaların sayında, faizində də özünü büruzə verir. Bildiyimiz kimi, 2020-ci ildə müəyyən obyektiv səbəblərə görə nikahların sayı çox olmayıb. Lakin 2021, 2022-ci illərdə isə biz bu rəqəmdə artımı müşahidə etdik".
O bildirib ki, Mediasiya Şurası (MŞ) yarandıqdan sonra hüquqşünasların açıq olaraq normaları qanun şəklində vətəndaşlara izah etməsi, hüquqi konsultasiyaların verilməsi çox vacib amillərdən biridir:
"Komitəmiz də uzun müddətdir ki, MŞ ilə koordinasiyalı şəkildə əməkdaşlıq aparır. Xüsusən də regionlarda MŞ ilə sıx əməkdaşlıq aparılacaq. Bu əməkdaşlığın nəticəsini biz son 3 ildə də görə bilirik".
Səfərovun fikrincə, boşanmaların sayını daha da azaltmaq üçün öncə səbəblər müəyyənləşməlidir:
"Bu səbəblər sırasında məişət zorakılığı da var. Bundan başqa, sonsuzluq, alkaqollu içki, narkotik asılılığının da burada rolu danılmazdır".
Gənc ər və arvad, arxiv şəkli
© AFP 2024 / TIMOTHY A. CLARY
Onun sözlərinə görə, Azərbaycanda sosial təminatın, eyni zamanda da ailələrdə rifahın artması ilə bağlı vacib qərarlar verilib:
"Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı salınması, kişilər və qadınlar arasında cinsi ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı aparılan işlər də nəticəsini göstərir. Əsas məqsəd nikaha daxil olarkən məsuliyyəti dərk etməyə yönəltməkdir. Nikaha daxil olarkən, imza atmazdan öncə də tərəflərə məsuliyyətləri izah edilməlidir. Bu istiqamətdə də MŞ ilə əməkdaşlığımız davam etdiriləcək", - deyə o əlavə edib.
Nələr edilməlidir?
Komitə rəsmisi qeyd edir ki rəqəmlərin daha da azaldılması üçün davamlı şəkildə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılmalıdır ki, tərəflər nikaha daxil olarkən məsuliyyət hissi artsın:
"Digər dövlət qurumları, yerli icra hakimiyyətləri də MŞ ilə birgə gender əsaslı zorakılıqla bağlı koordinasiya gücləndirilib. Bundan başqa, hansı regionlarda problemlərin olduğu araşdırılmalıdır. Bu zaman da ailənin sosial rifahının artırılması, ailə üzvlərinin məşğulluğa cəlbi və sair məsələlər əhatə olunmalıdır. Qeyd edim ki, ailə dəyərlərinin qorunması ilə bağlı BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin ləğvi üzrə komitəsi tərəfindən bu tövsiyələr verilib. Bu tövsiyələr çərçivəsində - 2023-cü ildə komitə MŞ, digər dövlət qurumları, DİN ilə birgə bu shədə işləri davam etdirəcək".
Gender məsələləri üzrə ekspert Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, MŞ-nin olması çox önəmlidir:
"Çünki bəzən çox önəmsiz səbəblərdən ailələr dağılır və düşünürsən ki, bu səbəbi aradan qaldırmaq olar. Mediasiya Şurasının əməkdaşları mütəxəssisdirlər, bu şəxlsər tərəfləri orta məxrəcə gətirməklə boşanmanın qarşısını ala bilər. Qeyd edim ki, bu vaxtacan MŞ bir çox boşanma ərəfəsində olan ailələri yenidən birləşdirib".
O bildirib ki, nikahlarda artım, boşanmalarda azalmanın olması müsbət tendensiyadır.
Həmsöhbətimiz qeyd edir ki boşanma səbəbləri araşdırılmalı, təhlili aparılmalı, örnək ailələr cəmiyyətə tanıdılmalıdır.
"Nə qədər pozitiv informasiya ötürsək, o qədər yaxşı nəticə əldə edə bilərik", - deyə ekspert vurğulayıb.
Veysəlova əmindir ki, MŞ-dən başqa, maariflənmənin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Naizirliyinin, BMT-nin Əhali Fondunun da rəqəmlərin azalmasında rolu var.